Ramilə Qurbanlı – Lələtəpə əfsanəsi

Lələtəpə

../..

Keçmiş zamanlarda Qarabağ elatında  bir tacir varmış,  işinə görə ömrü yollarda keçərmiş. Bu tacir varlı-hallı adammış,  quş südü də tapılarmış süfrəsində. Özü də xeyirxah adam kimi elatda ad çıxarıbmış, qapısına  diləyə gəlmiş hər kəsi razı yola salarmış. Amma kişinin övladı olmurmuş, bu dərd onu için-için yandırıb qovururmuş. Övrəti də bu üzdən gizlinə çəkilib Allaha yalvarar, göz yaşları tökərmiş.

 

Bir gün tacir yenə uzun yola hazırlaşır. Övrəti yol tədürükü görür, kişinin boxçasını hazırlayırdı.  Dəvə karvanı yola hazır olanda tacir  arvadını çağırıb həmişəki kimi Allah əmanət ol  – deyə tapşırır: “ Amma bu dəfə qayıdanda  səni  həyətdə beşik yelləyən görməsəm,  öldürəcəm-əlavə edib başıaşağı,  qadının üzünə baxmadan yola düzəlir.

 

Vədə tamam olur, bir gün nökər qaçaraq gəlib xanıma ağanın gəldiyini xəbər verir. Qadın naçar qalıb neynəyəcəyini bilmir, kişi məni beşik  yelləyən görməsə öldürəcək-deyə tez iki ağacın arasından bir beşik asır, uzunsov daş götürüb onu bələyir,  sonrası Allaha pənah deyib, başlayır yelləməyə.

 

Tacir uzaqdan övrətinin həyətdə beşik  yellədiyini görüb ətrafdakılardan soruşur: “Mən xəyal görürəm yoxsa arvad beşik yellədir”. Ətrafındakılar  sevincək onun xəyal görmədiyini təsdiqləyirlər.

 

Tacir beşiyə yaxınlaşıb dərhal  “uşağı” qucağına götürür.  Qadın heyrətindən özündən gedir. Bələyə bükülmüş daş kişinin qucağında gülən körpəyə çevrilir.

 

Uşağın adını Lələ qoyurlar, mənası tək, yeganə, çoxdan gözlənilən deməkdir.

 

Oğlan yeniyetmə yaşına çatanda tacir ömrünü ona tapşırıb dünyadan köçür.

 

Bir gün  Lələ tay-tuşları ilə dərədə oynayanda  sözləri çəp gəlir, savaşırlar. Tay-tuşları ona “sən özünü adam hesab eləmə, daşdan yaranandan adam olmaz” deyə tənə edirlər. Lələ evə gəlib məsələni anasına danışır. Qadın anlayır ki, daha bundan sonra həqiqəti Lələdən gizlətmək olmaz. Açıb hal-qəziyyəni ona nəql edir. Lələ özünü tanıyandan meyl saldığı sazı da götürüb evdən, bu el-obadan çıxır, baş götürüb gedir.

 

İllər keçir. Lələ uzaq ellərdə el şənliklərində saz çalıb oxumaqla özünə çörək pulu qazanardı.

 

Mən daşam daşdan yarandım

İnsanlardan tez usandım.

 

Axşamlar isə elatdan uzaqda  hündür bir təpəcikdə özünün tikdiyi komaya çəkilib gecələyir, heç kimlə kəlmə kəsmir öz aləmində ömür sürürdü.  Bu heç kimlə kəlmə kəsməyən haqq aşığı (artıq onu belə tanıyırdılar) birinin başına ağrı gələndə bircə dəfə əlini səssiz-səmirsiz ağrıyan yerə çəkməklə onu sağaldarmış.

 

Zaman keçdikcə insanlardan qaçan Lələyə doğru insanlar özü gəlməyə başlayır, hamının işi ondan keçir, Lələ hər kəsin dərdinin əlacını tapırdı.  Onun məskunlaşdığı təpə el arasında Lələ təpə adlanmağa başlayır. İnsanlar yavaş-yavaş o təpənin ətəklərində yurd etdikcə məkan Lələ təpə yurdu kimi tanınır.

 

Lələ bir koma tikdi

Ağzını günə tikdi – deyə el-oba onun öz təbirincə ona bayatılar qoşardı.  Onu sevir, ona hörmət edir, bəzən hətta gizlində ondan qorxardılar.

 

Bu minvala zaman axıb gedir. Bir gün Lələtəpə elatı Lələnin komasından heç çıxmadığını görüb onu ziyarətə gedirlər və görürlər ki, Lələ sazı da əlində oturduğu yerdə dünyasını dəyişib.  Ahıllar Lələni elə həmin təpədə öz komasının yanında dəfn etməyi məsləhət görürlər.  El arasında ilahiləşən Lələnin dəfn olunduğu həmin yer sonradan ziyarətgaha çevrilir. Ətraf elatlardan, kənar ellərdən o təpəni ziyarətə gəlirlər.  Bu əhvalat dillərdə əfsanəyə çevrilir, ona bayatılar qoşulur.

 

Lələ də öldü getdi

Ömrünü böldü getdi

Lələnin qəbri üstə

Gör kimlər gəldi getdi.

 

Zaman at üstündə gəlib keçir. 90-cı illərdə Lələtəpə yurdu Cəbrayıl rayonu ərazisində Cocuq Mərcanlı kəndinin məzarlığına çevrilir. İnsanlar öz əzizlərinin ruhuna hörmət əlaməti olaraq onları həmin ziyarətgahda dəfn edirdilər.

../..

http://kulis.lent.az/news/14897

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s