Nüsrət Kəsəmənli – DƏLİ DOMRUL

1

“Dədə Qorqud” dastanı əsasında
poema-libretto.

Köçərlər
Qarşı yatan ulu dağlar,
Bılirsənmi nələr oldu?
Göz yaşıyla dolun, dağlar,
İgidimiz ölər oldu.
Oğuz elin balasıydı,
Bir güzəran bulasıydı.
Bir gül kimi açılmışdı,
Gül kimi də solasıydı.

Ata
Arxam, dirəyim, oğul,
Suyum, çörəyim, oğul,
Sənsiz dünya fanidir,
Nə gün görəyim, oğul.

Ana
Boyumu öyməyim nə?
Dizimə döyməyim nə?
Sevinci sən apardın,
Qəmmi geyim əynimə?

Köçərilər
Ata minməzsən, a igid,
Yala sinməzsən, a igid.
Atan oğul deyib, ağlar.
Anan oğul deyib, ağlar,
Niyə dinməzsən, a igid?
Taleyin tərki bumu?
Tanrının görkü bumu?
Sərin bulaqlar od tutur,
Od bumu, bürkü bumu?..

Bacı
Boyuna qurban, qardaş,
Boyunu yer aparır,
Toyuna qurban, qardaş,
Toyun şivən qoparır.
Gəlin görmədik axı,
Telin hörmədik, axı,
Dağa-daşa köç etdik,
Ömür sürmədik, axı…

Köçərilər
Bulaqlar qan ağlayar.
Yel ah çəkib ağlayar,
Dağlar qəmdən əriyər,
Başı duman bağlayar.
Doğan günəş batacaq,
Yerini ay tutacaq.
Qaragözlü bu igid
Qara yerdə yatacaq…
(Təpəl atını
Qamçıya dolaya-dolaya
Dəliqanlı Dəli Domrul
Yaxınlaşdı obaya).

Dəli Domrul
Nə ağlarsız, nə sızlarsız,
Kimi belə əzizlərsiz?
Dağlardanmı qorxursunuz?
Bir təpəcə gəlməz mənə.
Qara-qara yellər əsər,
Qorxub əsər etməz mənə.
Göstərim aslan gücümü,
Poladüz, sərt qılıncımı.
Qılıncım yağı qanlı,
Görmüşəm dağı qanlı.
Nə bayatı hıçqırıb,
Deyəriz ağı qanlı?
Qılıncım dərdi kəsər,
Vuraram, ordu kəsər!
(Başıdaşlı,
Gözüyaşlı
Oğlu ölən ana,
Oğlu ölən ata
Yıxıldılar Dəli Domrulun ayaqlarına)

Ata, Ana
Bu dünya bizə dardı,
İtiyimiz nübardı,
Bir oğlumuz var idi,
Bax, Əzrail apardı.
Qara geyib ağlarıq,
Dizə döyüb ağlarıq,
Nə ömrümüz qalıbsa
Oğul deyib ağlarıq…

Dəli Domrul
Kim deyir dünya dardı,
Ağlamaq bizə ardı.
Əzrail necə qıyıb
Bu igidi apardı?

Savaşıma dözərmi,
Əzrail gəlsin görüm.
İndi onun payına
Düşər bu vaxtsız ölüm.
İgid oxla vurular,
İgid qılıncla ölər.
Özİi qayıtmasa da
Qanlı köynəyi gələr.

Ata
Vuruş görmədi, öldü,
Sinə gərmədi, öldü.

Ana
Axıtmadın qan, igid,
Boyuna qurban, igid!

Dəli Domrul
Qorxu bilmirsə Əzrail
Qoy gözümə görünsün.
Qılinc vurum, cəng edim,
İlan kimi sürünsün.
İgidlərin canını
Alım onun əlindən,
Bir də görən olmasın
Ölüm onun əlindən.
(Tufan qopur,
Şimşək çaxır,
Göyün bağrı yarılır,
Yer çatlayır,
Əzrail yerdən çıxır).

Əzrail
Mənimi çağırdın, igid?
Yaxına bir gəl görüm,
Gücünü göstər görüm!
Poladüz qılıncını
Torpaqda çürüdərəm,
Soyuq ilan-çayanı
Canına yeridərəm.
Nəfəsini alaram,
Boğularsan, igidim.
İndi çöküb qarşımda
Ağlayarsan, igidim!

Dəli Domrul
Nə heybətli qocasan,
Gözlərim görməz oldu.
Ayaqlarım tutuldu,
Niyə yeriməz oldu?
Buza dönür bədənim,
Qılıncım yerə düşür.
Cöngo gözün görəndə
Cana vəlvələ düşür.

Əzrail
Cöngə gözüm bəyənməzsən,
Gözü göyçək qızların
Canını çox almışam…
Ağsaqqal, qarasaqqal
İgidlərnı dizlərin
yerə vurub
Canını çox almışam…
Nə öyünərdin, Dəli Domrul,
Rəngin saraldı birdən,
Çıx döyüşə, cəng edək,
Bu meydan, bu mən, bu sən…
Gəldim alam canını,
Canını verərmisən?
(Hava birdən qaralır,
Göy gurlayır, şimşək çaxır,
Əzrail gah yox olur,
Sağaan batıb, soldan çıxır,
Yerdən səs gəlir,
Özü göylərdən baxır.
Dəli Domrul qılıncını
Sağa çalır, sola çalır,
Yorulub əldən düşür.
Əzrail bir təpə üstə
Baxıb ona irişir).

Əzrail
Çal qılıncın, çal görüm,
Al canımı, al görüm!
(Sonra Dəli Domrulun
Sinəsinə çökür o,
Tutub yorğun əlindən
Qorxu, vahimə dolu
Bir dünyaya çəkir o).

Dəli Domrul
Oğurluq can aldığını
Bilməz idim, Əzrail.
Bu səhvimi bağışla,
Burax gedim, Əzrail.
Bax, o dağlar bizimdir,
O üzümlü, almalı
Yaşıl bağlar bizimdir.
Şərabımız çox olur,
Hər kım içsə başından
Ağlı, huşu yox olur.
Şərablıydım, duymadım,
Nə söylədim, bilmədim.
Burax gedim, Əzrail…

Əzrail
Gəlmişəm boş qayıtmalıyam,
Bir can aparmalıyam.
Öz canın da olmasa
Özgəsinə qayılam.
Bir əzizin yoxmudur
Əvəzinə can verə?

Dəli Domrul
Bircə gün vaxt istərəm,
Sabah bir can gətirrəm.
Can olmasa, Əzrail,
Mən öz canımı verrəm…
Əzrail Sabah gecdir,
möhlətın
Bu axşama qədərdir.
Kimsə can verməyəcək
Bu ümidin hədərdir.
(Obasına döndü Domrul,
Diz çöküb, bağır basıb
Atasının əlindan
öpdü Domrul).

Dəli Domrul
Ağsaqqallı canım baba,
Bilirsənmi nələr oldu.
Küfr dedim Əzrailə
Uçub cəngə gələr oldu.
Köksüm basıb can istədi,
Ya da bir can dilər oldu.
Baba, səndən can istərəm,
Canın mənə bağlarmısan?
Yoxsa oğlum Domrul deyib
Gecə-gündüz ağlarmısan?

Ata
Gözümün qarası, oğul,
Canımın parası, oğul,
Gəlinimin çiçəyi, oğul,
Obamın göyçəyi, oğul,
Qarşı dağlar gərəksə
Qoy Əzrail aparsın.
Bol meyvəli bağ gərəksə
Qoy Əzrayıl aparsın.
Şahbaz atlarım gərəksə
Qoy Əzrail aparsın.
Dövlətim, varım gərəksə
Qoy Əzrail aparsın.
Dünya şirin, can əziz,
Cana qıya bilmərəm.
Məndən əziz anandır,
Dərdin ona degınən.

Dəli Domrul
Ana, ana, canım ana,
Bilirsənmi nələr oldu?
Əzrail sinəmə çöküb
Məndən bir can dilər oldu.
Babamdan bir can istədim,
Vermədi anam, vermədi.
İndi səndən can istərəm,
Söylə ana, sözün nədi?…
Mənə canın bağlarmısan?
Yoxsa oğlum Domrul deyib,
Üzə dırnaq çalarmısan,
Gecə-gündüz ağlarmısan?

Ana
Dolama beşikdə Bələdiyim oğul,
Ömrümü qurban dediyim oğul,
Dustaq olsaydm, oğul,
Qurtarardım birtəhər.
Oğul, yaman mənzilə
At sürübsən bu səhər.
O dediyin odaya
Vara bilmərəm, oğul.
Dünya şirin, can əziz,
Verə bümərəm, oğul…
(Domrul yerində donur,
Şimşək çaxır, göy gurlayır,
Əzrail peyda olur).

Əzrail
Dünya şirin, can əziz,
Kim verər öz canını?

Dəli Domrul
Eşit sözüm, Əzrail,
Yad qızdan halalım var, iki körpə balam var.
Daha bir minnətim var,
İsmarlayım onlara
Bircə əmanətim var,
Sonra canım alarsan.

Əzrail
İsmarla qoy gəlsinlər,
Sənin son nəfəsini
Qoy onlar da görsünlər.
(Domrulun yanına gəlir)

Qadın
Nə deyərsən, nə söylərsən,
Göz açıban gordüyüm,
Könül verib sevdiyim,
Qoç ərim, qoç igidim?!
Qarşı yatan dağları
Neylərəm səndən sonra?
Yaylasam, gorum olsun.
Çəmənindən keçərsəm
Tapdanan anın olsun.
Altun daş-qaş taxarsam,
Tabutum, sonum olsun!
Sənsiz su da içərsəm
İçdiyim qanım olsun!
Səndən sonra bir igid
Görsə gözüm kor olar.
İsti yatağım sənsiz
Buza dönmüş gor olar.
Səndən sonra bu canım
Qıyma igidsiz qalsın.
Əzrail, al canımı,
Yarın qurbanı olsun!

May, 1982

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s