SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ – BEŞİNCİ PƏRDƏ – ON BİRİNCİ ŞƏKİL

Süleyman Rüstəm9

Dağlarda düşmən qərargahı. Polkovnik Slavçinski, Səlim bəy, Mahmud bəy, Koxa və qeyriləri. Ətrafda vuruşma gedir. M a h m u d b ə y
Yaman zor göstərir qaçaqlar yenə, Qurbanlar istəyir bu dağlar yenə.

N a ç a l n i k
Gəl mənə bu qədər tökmə dil, ağız, Bir ovuc mujiklə bacarmırsınız! Yox, belə bilməzdim Mahmud bəy səni, Yetər, çıxartmayın özümdən məni!

M a h m u d b ə y
Doğru sözə, nə söz, güclüdür düşmən, Polkovnik, başımı itirmişəm mən. Doğrusu, halımız yamandır, yaman.

N a ç a l n i k
Səndən gözləməzdim, sözündən utan! Mahmud bəy, özünə ürək ver, ürək!..

M a h m u d b ə y
Vallah, məhv olarıq gəlməsə kömək.

N a ç a l n i k
Mahmud bəy, nə kömək? İgidlərə bax! Bəylərə batarmı yüz motalpapaq? Bu haqda bir qədər düşünün dərin, Kəsin qabağını o asilərin Dəmirdən, poladdan bir hasar kimi, Bəli, bu sıldırm qayalar kimi!

S ə l i m b ə y
(Gəlir.)
Polkovnik, nə edək?

N a ç a l n i k
Nə olub məgər?

S ə l i m b ə y
Getdi əlimizdən on qabaq səngər, Elə bil hamısı dəlidir, dəli… Qırıla-qırıla cumur irəli.

N a ç a l n i k
Qorxmayın, vuruşun, vallahi sizdən Birbaş Peterburqa yazacağam mən.
Qazaq təngənəfəs gəlir.
Qara xəbərləmi gəlmisən sən də?

Q a z a q
Qaçaqlar girdilər yuxarı kəndə.

N a ç a l n i k
Sus, itin balası, itil, sərsəri, Tez olun, onları oturdun geri!
Qazaq gedir.

M a h m u d b ə y
Vəziyyət ağırdır, polkovnik, düşün, Bəs nə vaxt gələcək Tiflisdən qoşun?

N a ç a l n i k
Bu qoşun söhbəti əbəs deyilmi? Mən özüm burdayam, bu, bəs deyilmi?

M a h m u d b ə y
Bu doğrudur, lakin…

N a ç a l n i k
Yeri deyil, sus!..

S ə l i m b ə y
O gün beş yüz atlı boyun oldunuz, Bu günsə davanın qızğın çağında Dodaq büzürsünüz kömək haqqında. Biz sizə güvənib girdik savaşa, Qorxuram, arzumuz yetməsin başa.

N a ç a l n i k
Kömək, kömək, kömək… Sözünə bir bax! Bu haqda danışmaq nahaqdır, nahaq. Onlardan on dəfə çoxsunuz ki siz, Nə cürətiniz var, nə qeyrətiniz! Ağalar, inanın, budur həqiqət, Udar bu davanı hünər, cəsarət!

S ə l i m b ə y
Mahmud bəy, yubanma, sənədir ümid, Yanınca götürüb bir dəstə igid Tez dələduzların ver cəzasını. Yerlə yeksan elə, yurd-yuvasını!

M a h m u d b ə y
Divan tutacağam o azğın kəndə, Rəhmim gəlməyəcək körpələrə də. İnanın, onlara qan uddurmasam, Böyükdən kiçiyə tamam qırmasam, Alt-üst eləməsəm yuvalarını, Külə döndərməsəm obalarını, Mahmud bəy deyiləm, inanın mənə!

N a ç a l n i k
Afərin, Mahmud bəy, afərin sənə! Mahmud bəy gedir.

K o x a
Məni də yerimdən dəbərdir qisas, Gedək, özümüzçün atışaq bir az.
(Gedir.)

I I Q a z a q
(Gəlir)
Düşmən səngərindən qoca bir qaçaq Bizim qazaqları səslədi rusca. Keçdi o tərəfə iyirmi qazaq, Polkovnik, şübhəsiz rusdur o qoca.

N a ç a l n i k
Ya ölü, ya diri, keçırin ələ. Başına min manat qiymət qoyuram.
Qazaq gedir.

S ə l i m b ə y
Naçalnik, ora bax, çevrilib yelə Qazaqlar geriyə çəkilir tamam. Əgər bu təpə də gedərsə əldən Yaxa qurtarmarıq əsla əcəldən.
Polkovnik durbinlə döyüşü seyr edir. O həyəcan və təlaş içindədir.

N a ç a l n i k
Dostum, qoy sənin tək vuruşsun hamı, Əldən buraxmayın bu istehkamı! Artıq aydın oldu vəziyyət mənə, Kömək çatdıraram tezliklə sənə.
(İki qazaqla aradan çıxır.)

S ə l i m b ə y
Get, get! İt canıyımş Səlimin canı, Vaz at dovşan kimi, dil pəhləvanı!

K o x a
(Vahiməylə gəlir.)
Evimiz yıxıldı, atamız yandı, Səlim bəy, gəl qaçaq, tez ol, amandı!

S ə l i m b ə y
Nə dedin?

K o x a
Gəl qaçaq.

S ə l i m b ə y
Anqırma, heyvan!

K o x a
Ayrı çarə yoxdur, sözümə inan. Nəbi dəstəsiylə cumur yel kimi, Gəlir üstümüzə daşqın sel kimi.

S ə l i m b ə y
Gör kimə vermişəm süfrəmdə çörək, Gör kimdən ummuşam özümə kömək, Gör kimə inanıb, bel bağlamışam, Gör kimi qapımda it saxlamışam.

K o x a
Səlim bəy… gəlirlər… Mən qaçdım.

S ə l i m b ə y
Dayan!.. Alçaq, al payını!..
(Vurur.)

K o x a
Olürəm, aman…
Səlim bəy qaya dibində atəş açır, Nəbi yüngül yaralanır. Nəbi də atır. Səlim bəyin gülləsi qurtamışdır. Tapançanı Nəbiyə tərəf tuşlayır və başını qurtarmağa can atır.

N ə b i
(Ətrafa səslənir.)
Həcərim, sağa cum, qurbanın olum.
(Qaçaqlara)
Başınıza dönüm irəli, hücum!..
Səlim bəyin hər yandan yolu kasildiyindən qayaların dibində geri çəkilərkən Nəbi ilə üzbəüz olur.

N ə b i
Aha, xoş görmüşük Səlim bəy səni, Niyə öldürmədin vaxtında məni?
(İstehza ilə)
Artıq əlimdəsən, bir an içində İndi üzəcəksən al qan içində.

S ə l i m b ə y
İgid qan-qan deməz gələndə üstün, Nəbi, söz verirəm kişi tək bu gün, Bir də əl qaldırsam mən sənə…

N ə b i
Gecdir. Hesabı çürüdək, bu, sən görüşdür.

S ə l i m b ə y
Nəbi, bir fikirləş, səni görərəm, Ağırlığın qədər qızıl verərəm.

N ə b i
Yum murdar ağzını, buna bax, buna!

S ə l i m b ə y Batırma əlini nahaqdan qana. Sənə neyləmişəm?
N ə b i (İstehza ilə)
Heç bir şey… Qorxaq! Yanır bütün aləm, ətrafına bax. Mənəm, mənəm deyib söz başında sən, Boğdun yoxsulları göz yaşında sən. Nə dövlətdən doydun, nə qandan doydun, Dərdli anaların canına qıydın. Çevirdin zindana vətən mülkünü, Boyadın al qana vətən mülkünü. Mən ellər adından almasam qisas Nakam ölənlərin ruhu şad olmaz!
Səlim bəy lapdan xəncərə əl atmaq istərkən Nəbi onu vurur. Qaçaqlar səhnəyə doluşur.

A l ı
Bu dərdli torpağın çörəyi sənə Halal olsun, bala!

H ə c ə r
(Gəlir.) Düşməndən yenə Xeyli əsir aldıq.
(Onu bağrına basır.)
A l ı Qəhrəman qızım, Gəl, öpüm alnından, mehriban qızım!

V a s i l i
Heyif ki, polkovnik çıxdı aradan, Onu parça-parça elərdim, inan.
Mürsəl tüfənginin başına Koxanın papağını keçirib oynaya-oynaya gəlir.

V ə l i
Söylə, Mürsəl kişi, bu nə oyundur? Kimin papağıdır bu papaq

M ü r s ə l
Gen dur! Əclaflıq, məclaflıq çanağıdır bu, Gorbagor Koxanın papağıdır bu!
(Papağı yerə çırpıb təpikləyir.)

N ə b i
Qaçaqlar, qəhrəmanlar, düşmən basıldı, ancaq, Dava qurtarmamışdır, unutmasın hər qaçaq. Dostlarım, arxayınlıq osla yaraşmaz bizə, Düşmən qüvvə toplayıb gələcək üstümüzə. Ən dəhşətli, ən ağır döyüşlər qabaqdadır! Ağ günümüz, baxtımız bu ana torpaqdadır!
“Koroğlunun dəliləri” mahnısı altında qaçaqlar hərəkət edirlər.

A l ı
Get, oğlum, get, mənim dağlar qartalım, Vuruş aslan kimi, qadanı alım. Get, sənə desinlər, ay Qaçaq Nəbi! Dostları özündən ay qoçaq Nəbi!

P Ə R D Ə

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s