SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ – BEŞİNCİ PƏRDƏ – ONUNCU ŞƏKİL

qaçaq nebi2

Sıldırım qayalıqlar. Axşam çağıdır. Ocaqlar tüstülənir.
Həcər bir qaya üstündən uzaqlara baxır.

H ə c ə r
Bunlar harda qaldı?

Ç i m n a z
Darıxma, Həcər,
Nəbi sağ-salamat bir azdan gələr.

H ə c ə r
Nələr çəkdiyimi ürəyim bilir,
Bir gözüm ağlayır, bir gözüm-gülür.

Ç i m n a z
Gül iki gözünlə, bir ürəyinlə.

H ə c ə r
(Gülür.)
Qoy sən deyən olsun.

Ç i m n a z
Bax belə, belə…

H ə c ə r
Çimnaz danışanda gülür ürəyim.

Q ı z l a r d a n b i r i
Vallah, göz dəyməsin, yamanca qızsan.

Ç i m n a z
Qızlar, gəlin sizə bir mahni deyim.

Q ı z l a r
De gəlsin, de gəlsin.

Ç i m n a z
Dinməyin bir an.
(Oxuyur.)
İlk bahardan gözəl gülər
Qarabağın gözəlləri.
Yolçuları yoldan elər
Qarabağın gözəlləri.
Bal gəzdirər dodağında,
Mahnı deyər yaz çağında,
Çiçəklərin qucağında
Qarabağın gözəlləri.
Sevdiyinə sərin olmaz,
Dərdi, qəmi gözə almaz,
Kişiərdən geri qalmaz
Qarabağın gözəlləri.

T a p d ı q
(Papağını ata-ata gəlir.)
Həcər, gözün aydın, Nəbigil gəlir.

H ə c ə r
Şad xəbər olasan.

Ç i m n a z
Dərəyə bax bir.

H ə c ə r
Qızıl samovarlı, qızıl tavalı,
Naçalniklə, pristavla davalı,
Deyin, çalğıçılar vursun qavalı,
Qoy sənə desinlər, ay nadan Nəbi,
Divanı yerindən oynadan Nəbi!
Nəbi, Mehdi, Vasili və başqa qaçaqlar çalğı müşayiətilə gəliriər.

H ə c ə r
Xoş gördük, a Nəbi!

T a p d ı q
Xoş gördük səni.

N ə b i
Dostlarım doğrudan sevirmiş məni.

Q ə h r ə m a n
Deyəsən Nəbiyə düşüb qazamat,
Maşallah, kökəlib.

N ə b i
Sizə zarafat
Gəlməsin qapqara, daş kimi çörək.

V ə l i
Niyə gecikdiniz? Danışın görək.

N ə b i
Qoy Mehdi danışsın.

M e h d i
Mən niyə, balam?

V ə l i
Nəbi, danışmasan vallah, partlaram.

N ə b i
Elə ki, ayrıldıq biz qazamatdan,
Gördüm qan-tər axır sel tək Boz atdan.
Çapdı dalımızca atı qazaqlar,
“Qoyma, vur” səsindən titrədi dağlar.
Çıxıb hər tərəfdən göbələk kimi
Düşmənlər hürürdü qart köpək kimi.

V ə l i
Sonra? Sonra?

Q ə h r ə m a n
Sakit, dinməyin görək!

N ə b i
Dedim, bir qurban da verməyək gərək,
Baxdım ki, Boz atı dörd nala çapsam,
Onların əlindən mən nicat tapsam
Hər şey dəyişəcək bir an içində,
Üzəcək dostlarım al-qan içində.
Dəhşətli, qorxulu vuruşmalarda
Kişi, öz dostunu qoyarmı darda?!
Qıy vurdum, ay uşaq, tez yerə yatın!
Atın deyən kimi hammız atın!
Qap-qatı bir duman basmişdı yolu,
Yağılar hasar tək kəsmişdi yolu.
Polad sinəmizi verib qabağa,
Cumduq gözümüzdən od yağa-yağa.
Saldıq pərən-pərən qudurğanları,
Sıçradı dörd yana qara qanları.
Qopduqca bədəndən düşmənin başı,
Çatıldı heyrətdən göylərin qaşı.
Bu vuruş, doğrudan böyük sınaqdı,
Hər yandan dolu tək güllələr yağdı.
Hər atəş açdıqca dostlarımla mən
Ayaqlar üzüldü üzəngilərdən.
Bulaşdı al qana çiçəklər, otlar,
Tük saldı qartallar, kişnədi atlar.
Atışma qızışdı, qopdu qıyamət!
Yerləri, göyləri bürüdü dəhşət!
Göz-gözü görmürdü, hər yan çən, duman,
Saysız yaralardan fışqırırdı qan.
At kişnəməsindən, güllə səsindən,
Qızmış aslanların hər nərəsindən
Sarsıldı qayalar, diksindi dağlar,
Qırıla-qırıla qaçdı qazaqlar.
Bu qoca aynalı gəlməsin gözə,
Çoxunu göndərdi gedər-gəlməzə.

M e h d i
Vuruş meydanında qana-qan dedim,
Basılmaz ömründə qəhrəman dedim.
Beş atlı üstümə yeridi yandan,
Ancaq baş tutmadı düşmənin fəndi.
Nəbi köməyimə yetişən zaman
Elə bil yerindən bir dağ tərpəndi!

Q ə h r ə m a n
Var olsun, var olsun qəhrəman Nəbi!
Mİn illər yaşasın mehriban Nəbi!

N ə b i
Qarışdı tərimə Boz atın təri…
Elliklə düşməni oturtduq geri,
Çaparaq atları, qovuşduq sizə.

V ə l i
Nəbinin dostları gəlməsin gözə!

N ə b i
Hər igid yadında saxlasın gərək,
Köksüz bir ağacı tez yıxar külək!
Gəlin ürəklərdən bir səngər quraq,
Sönməsin ellərçün yanan o çıraq!

M ü r s ə l
Bir caniın var, o da qurbandır elə!
Yaşımdan şikayət etmirəm hələ.

Q ə h r ə m a n
Yaxşı, Mürsəl dayı, ay cavan oğlan,
Bəs hanı Nəbiyə qoşduğun dastan?

V ə l i
Lap yerinə düşdü, danış Nəbidən.

M ü r s ə l
Ondan yüz il desəm yorulmaram mən.

(Saz çalıb oxuyur.)
Nəbi qatıb qabağına, qovdu qorxaq dovşan kimi
Səlim bəyi, məlim bəyi, naçalniki, maçalniki.
Bir barmaqla Mahmud bəyin dartıb cirdı cəhəngini,
Pristavlar tökdü yerə tüfəngini, müfəngini.
(Nəbiyə)
Nəbi can, necədir? Döşünə yatdı?

Q ə h r ə m a n
Vallah, cır səsindən qulağım batdı.

M e h d i
Qoy indi aşıqlar, oxusun bir az.

M ü r s ə l
Ellərin büsatı aşıqsız olmaz.

A ş ı q
Nəbinin bığları eşmə-eşmədir,
Papağı güllədən deşmə-deşmədir.
Nəbinin attnı bir at keçmədi.
Deyirlər, qandalı açıbdır Nəbi,
Minib Boz atına qaçıbdır Nəbi.
Hamı aşıqları alqışlayır. Nəbi onlara pul verir.

T a p d ı q
(Diqqətlə baxır.)
Bu gələn kim ola? Baxın, uşaqlar…

V ə l i
Tək başına gəlir, burda bir iş var.

V a s i l i
Elçiyə oxşayır.

T a p d ı q
Düzdür, tapmısan.

Q ə h r ə m a n
Qoy vurum, öldürüm.

N ə b i
Tələsmə, dayan.

K o x a
Mənə tapşırmışdır bu işi divan,
Bəylər nə deyibsə deyirəm mən də.

M ü r s ə l
Sən bunu görərsən bilirsən haçan?
Dəvənin quyruğu yerə dəyəndə!

K o x a
Təslim etməsəniz Nəbini, bilin,
Üzü gülməyəcək ömürlük elin.
Davasız, şavasiz versəniz elə
Dərdiniz, qəminiz qalmaz bir gilə.
Kəndə dönərsiniz adınız təmiz,
Qulluq alarsınız, dirçələrsiniz.

V ə l i
Bizi nə bilmisən? Alçağın biri!

Q ə h r ə m a n
Namərdəm mən səni buraxsam diri.
(Koxanı vurmaq istəyir, ona mane olurlar.)

M ü r s ə l
Nəbi can, mən ölüm, sən dinmə görək,
Bunun cavabını özümüz verək.

N ə b i
Mən bir söz demirəm, özünüz bilin.
(Kənara çəkilib dostlarının hərəkətinə diqqət yetirir.)

M ü r s ə l
A koxa, nə yaman uzunmuş dilin…

K o x a
Məni ləngitməyin, nə oldu cavab?

M ü r s ə l
Bir az səbrini bas, mirzə qozqurab.

K o x a
Cavabı bu qədər uzatmaq olmaz!

M ü r s ə l
Qorxma, ağaların cavabsız qalmaz.
(Düşünür və əlini belindəki qayçıya atır.)

K o x a
Siz cavab axtarın, mən də əyləşim,
Bir əməlli-başlı bığımı eşim.

M e h d i
Buyur, burda əyləş, a koxa lələş.
(Onu bir daş üstündə oturdur.)
Mürsəl, gəl, koxanın bığlarını eş!

M ü r s ə l
Görüm ki, canını dərd, azar alsın,
Süpürgə bığların soxaya qalsın.
(Koxanın bığlarını kəsib ovcuna basır.)
Canın rahat oldu? Bax, cavab budur,
Al, bu da bir cavab, şıllaq atma, dur!

K o x a
Gec-tez alaçaqlar bu heyfi sizdən.

V ə l i
Bir anbar salam de bəyiərə bizdən.
De ki, aldanmadı sözə qaçaqlar,
Onlar yuvanıza od vuracaqlar.

K o x a
Baş üstə…
Koxanı dolayaraq yola salırlar.

N ə b i
Sağ olun, qəhrəmansınız.

T a p d ı q
(Yüyürərək gəlir.)
Nəbi…

N ə b i
Nə xəbər?

T a p d ı q
Odur üç nəfər
Dırmanır dağa.

N ə b i
Mehdican, yoxla.
Gör kimdir gələn.

M e h d i
Öyrənərəm mən.
(Gedir.)

N ə b i
(Qaçaqlara)
Qardaşlar, aldığım xəbərə görə,
Üç naçalnik çıxıb bu gün səfərə.
Min atlı göndərib dağlara sarı
Tiflisin general qubernatoru.

V a s i l i
Qaçaqlar çörəyi burnuna yemir,
Buyurub gəlsinlər, dənlərik bir-bir.
Bu zaman Alı kişi iki kəndli ilə pərişan halda gəlir.

N ə b i
Ata… Nə üz verib?

A l ı
Qurbanın olum,
Sən dözə bilməzsən bu dərdə, oğlum!
Dərdim var sinəmdə uca dağ kimi,
Yenə dayanmışam qoca dağ kimi.

N ə b i
Söylə…

A l ı
Kəndimizi tutdular topa,
Başını itirdi bütün el-oba.
Dedilər, Nəbini tez verin bizə!
Əgər verməsəniz qan çıxar dizə.
Gərək görəydiniz namussuzları,
Saçından sürüyüb bizim qızları
Aparıb, getdilər qənimət deyə,
Haqqı tapdadılar həqiqət deyə.
Ucaldı göylərə oddan ləpələr,
Yandı beşiklərdə dilsiz körpələr.
Allahı köməyə çağırdıq, Allah
Bizi eşitmədi, dilim gəlmir, ah…

N ə b i
Bəs anam?

A l ı
Soruşma.

N ə b i
Ne dedin? Necə?

A l ı
Bütün varlıq dönür gözümdə heçə

N ə b i
Vuruldu qəlbimə yeni bir yara.
Dünya gözlərimə görünür qara,
Nələr eşidirəm…

A l ı
Pərvərdigara!..
Məni öldürəcək bu ağır yara.

N ə b i
Qıydılar canına, ana, can ana!
Qardaşlar, siz deyin, kim dözər buna?!

M e h d i
Ana, yazıq ana, bağışla məni,
Qoruya bilmədim yağıdan səni.
Yanında olsaydım dönüb aslana
Sənin cəlladını boyardım qana.

N ə b i
Ana dərdi, vətən dərdi, el dərdi
Yaralı bağrımı qana döndərdi.

A l ı
Gəl, basım bağrıma, balacan, səni,
Xilaskar doğubdur bu dövran səni.
Çox bəlalar çəkdin cavan yaşında,
Əlin titrəməsin haqq savaşında!

H ə c ə r
Nəbican, başını dağ kimi dik tut.
Gözünün yaşını kininlə qurut!

N ə b i
Ana, and içirəm ruhuna bir də,
Mən sənin qanını qoymaram yerdə!
İşıq sönür və yanır. Hamı yatmış. Nəbi sıldırım qayanın başında
dayanıb ətrafı seyrə dalmışdır. Həcər ağır addmılarla gəlir.
Nəbi xəyal aləmindən ayılır.

H ə c ə r
Nəbi, yatmamısan?

N ə b i
Bu vaxtda yatmaq!
Kim bilir, sabaha kim sağ çıxacaq,
Başımız üstündə tutmuşdur qərar
Yenə qan-qan deyən qara buludlar.
Onu yox etməsək qan bahasına
Bir xitam verilməz elin yasına.

H ə c ə r
Yox, boyun əymərik versək də qurban!
İgid üstünlüyü qazanmır asan.

N ə b i
Hər qurban verdikcə alışır sinəm,
Dolanır başıma bütün bu aləm.

H ə c ə r
Nəbi, qadan alım, bu sınaq günü
Qara fikirlərlə yorma özünü.

N ə b i
Düşünüb bayaqdan tökmüşəm tədbir,
Gərək sinə gərək düşmənə əlbir!
Azadlıq yolunda şərəfdir gerçək
Min dəfə dirilib, min dəfə ölmək!

H ə c ə r
Gəl basım bağrıma, Nəbican, səni,
Təzədən dünyaya gətirdin məni.
Gəl, bir qədər dincəl.

N ə b i
Yox, Həcərciyim,
Ömrümün bəzəyi, gülüm, çiçəyim…
Baxtımın ulduzu, ellər gözəli,
Bir ağ gün görmədin mənə gələli.
Nə gərdənlik taxdm, nə üzük taxdın,
Min kərə ölümün gözünə baxdın.
Ellərin yasında bağlayıb qara,
Özünü vətənçin atdın odlara.
Ulduzlar şahiddir, demirəm yalan,
Gözümsən, özümsən, can sirdaşımsan.
Yenə bardaş qurub ürəyimdə qəm,
Mən sənin yanında xəcalətliyəm.

H ə c ə r
Nəbi, nə deyirsən? Ağıllı danış!
Məgər ürəyimlə deyilsən tanış?
Çıxmışam bu yola öz xoşumla mən,
Durmuşam yanaşı sirdaşımla mən.
Gəl qara günləri gətirmə yada.
Bu ucsuz, bucaqsız dərdli dünyada
Ağlayaraq birgə, gülərik birgə.
Yaşayarıq birgə, ölərik birgə…

N ə b i
Elədir, gözəlim, canım, ciyərim,
Ürəyi qar kimi ləkəsiz pərim.
Seyr edib vətəni, deyirəm artıq
Günəşli günlərin qarşısındayıq!

V a s i l i
(Tələsik gəlir.)
Nəbi, Nəbi!

N ə b i
Nəvar?

V a s i l i
Gəldim xəbəro.
Qaynayır qazantək yeno dağ, dərə,
Yolların üstünü alıb tozanaq,
Çapır üstiimüzə bir sürü qazaq,
Qəhrəman
(Gəlir.)
A Nobİ, qazaqlar yaxınlaşdılar,
Sel kimi, yei kimi dağı aşdılar.

Nəbi
Eşidin əmrimi, yatm səngorə,
Gülləni atmaytn boş, nahaq yerə!

Voli
Düşmən üç tərəfdən eləyir hücum.

Nobi
Həcəritn, yubanma, sol səngərə cum!
Sonə tapşınbr, Vəli, sağ tərof,
Dostlar, haraınıza bəüidir hədəf.
Əwəl başçıları alın nişana,
Döndərin onlarııı bağrını qana!

Mehdi
İgidlər, irəli dalımca gəlin!
Yağmın bağnnı xəlbir tək dəlin!
Atışma başlanır. Mehdi vurulur.
Aman, Nəbi, ata…

Alı
(Onun başını dizi üstə alır.)
Kim vurdu səni?

M e h d i
Anamın yanında basdırın məni.

A l ı
Ey fələk, gülmədim sayəndə bir an,
Qubarım dağlardan böyükdür mənim.
Dərdimin üstünə dərd qoydu zaman,
Belimi sındıran bu yükdür mənim!

N ə b i
(Siyirməqılınc özünü qardaşının üstünə atır.)
Qırıldı Nəbinin qolu, qanadı,
Aman, ürəyimin başı qanadı.
Sən ki, qartalıydın bizim dağların,
Nə üçün yumuldu göz qapaqların?!

V a s i l i
Düşmən zor söstərir dörd bir tərəfdən…

N ə b i
Gəlirəm, gəlirəm, ölməmişəm mən!

P Ə R D Ə

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s