SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ – BEŞİNCİ PƏRDƏ – DOQQUZUNCU ŞƏKİL

qaçaq nebi3

Göruş zindanı, Səhnanin bir tarəfi kamera, digər tərəfi
zindan rəisinin otağıdır. Pərdə musiqi müşayiətilə açılır.

N ə b i
Qazamat istidir yata bilmirəm,
Düşmənlər güclüdür, bata bilmirəm,
Ayaqda qandalaq, qaça bilmirəm,
Qoy sənə desinlər ay qaçaq Nəbi,
Dostları özündən ay qoçaq Nəbi!
Mehdi və Vasili başqa qiyafədə içəri girirlər. Keşikçiyə pul veririər.

M e h d i
Nəbi can.

N ə b i
Mehdi can, Vasili, qardaş!..

M e h d i
Dağlardan enmişik yanına birbaş.
Qucaqlaşırlar.
Bütün dost-aşnadan salam var sənə.

N ə b i
Ömürlük qazamat kəsiblər mənə.

M e h d i
Qəm yemə, dostların oyaqdır, oyaq,
Onlar and içərək veriblər qərar:
Bu qara zindanı dağıdacaqlar.
Enmişik dağlardan iki yüz atlı,
Hamısı qəhrəman, şöhrətli, adlı,
Qardaşım, qəm yemə, Gorusu gerçək
Almışıq dövrəyə üzük qaşı tək.
Hamımız yolunda sinə gərərək.
Səni bu zindandan qurtaraq gərək.

N ə b i
Ehtiyatlı olun, qurban verməyin,
Düşmən hiyləgərdir, aman verməyin.

M e h d i
Qardaşım, gözünü qırpma bir an da,
Vuruş başlanacaq dan ağaranda.

N ö v b ə t ç i
Aman, evim yıxıldı, böyüklər gəlir bura,
Sizi burda görsələr məni çəkərlər dara.
Tez olun, tərpənin!

N ə b i
Di, durma Mehdi…

M e h d i
Hələlik…

N ə b i
Dostlara məndən salam de.
Naçalnik, Səlim bəy və bir neçə qazaq içəri girir.

S ə l i m b ə y
Yaxşı tanımırsan onu sən hələ,
Odur ürək verən, dil verən elə.
Onu asdırmasaq dar ağacından
Ölkədə günbəgün artacaq üsyan.

N a ç a l n i k
Siyasət lazımdır, Səlim bəy, düşün,
Nəbi əlimdədir onsuz da bu gün.
Nəbini gətirirlər.
Xoş gördük, qoç Nəbi!

N ə b i
Qurşama, əl çək!

N a ç a l n i k
Nəbi, bu yaxşıdır, buyur, bundan çək.
(Papiros təklif edir.)

N ə b i
İstəməz, çəkdiyim budur hələlik,
“Həsən dədənovdur”, buyur naçalnik.

N a ç a l n i k
Məni yaxşı eşit, gör nə deyirəm.

N ə b i
Qulağım sizdədir.

N a ç a l n i k
Düşünüb hərdən
Deyirəm, doğrudan heyf Nəbidən.
Sənə lap ürəkdən acıyıram mən.
Bilirsənmi nə var?

N ə b i
Bilmirəm hələ.

N a ç a l n i k
Nəbi, gəl mənimlə danışma belə.
Adına bağlıdır bütün üsyanlar,
Yazıqsan, cavansan, gələcəyin var.
Əgər belə getsə, məhv olarsan sən.
Nəbi, gəl bu daşı tök ətəyindən!
Söndür qəzəbini, bəylərlə banş,
Sənə qulluq verək, bizlərə qarış.
Yerə salmayasan sözümü gərək…

N ə b i
Satılmaz ellərçün döyünən ürək!

N a ç a l n i k
Satılmaz… Satılmaz… Sözünə bir bax!
Qana boyanmışdır bütün Qarabağ.
Üsyan qaldırsa da beş-altı mujik,
Yenə də Qafqazın ağası bizik!
Nəbi, arxalanma bu qədər elə!

N ə b i
Kimə arxalanım, naçalnik, söylə?

N a ç a l n i k
Bizə, ancaq bizə, bizdədir qüvvət,
Qoşulsan bizlərə elərik hörmət.
Artar var-dövlətin, artar vəzifən,
Sənə kişi kimi söz verirəm mən.

N ə b i
Sizdə görməmişəm hələ kişilik,
Bağışlayın məni, cənab naçalnik!

S ə l i m b ə y
Polkovnik, mən sizə demişdim bayaq,
Bununla danışmaq nahaqdır, nahaq!

N ə b i
Yaxşı fikirləşin, bəydir adınız,
Quyruq bulamaqdan yorulmadınız?

S ə l i m b ə y
Nəbi, unutma ki, sabınlı kəndir
Çoxdan boğazının həsrətindədir.
Özün öz əlinlə qəbrini qazma!

N ə b i
Mən ölən deyiləm, kefini pozma!

N a ç a l n i k
Bir az açıq danış, nə istəyirsən?

N ə b i
Azadlıq, azadlıq, ancaq azadlıq!

N a ç a l n i k
Səninlə danışmaq artıqdır, artıq.
Qəbirdə görərsən azadlığı sən!

N ə b i
Ellərim görəcək, görməsəm də mən.

N a ç a l n i k
Ellərim, ellərim, ağlın hardadır?
Ellərim deyənlər zindanlardadır!
Nahaq salmayıblar səni zindana.
Padşahı saymayan bu qudurğana
Su, çörək verməyin, ölsün acından,
Sabah asılacaq dar ağacından!

N ə b i
Ölsəm də, oluram buna ümidvar:
Analar minlərcə nəbilər doğar.

P Ə R D Ə

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s