SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ – DÖRDÜNCÜ PƏRDƏ – SƏKKİZİNCİ ŞƏKİL

qaçaq nebi

Tacir Xəlilin evi. Pərdə açılarkən uzaqdan atışma səsləri eşidilir.
Xəlil həyəcanla pullarını sayır.

X ə l i l
Canıma qorxudan düşüb vic-vicə,
Nəbi dağıdacaq kəndi bu gecə.
Qapı döyülür. Leyla yan otaqdan çıxır.

L e y l a
Xeyır ola, a kişi?

X ə l i l
Danışma,dayan.

L e y l a
Yox, qapını açma, qorxuram yaman!
Qapı yenə döyülür.

X ə l i l
Ay qapını döyən, kimsən, bir dillən?

Q u r d K ə r i m
Kərimdir, tez ol aç.

X ə l i l
Kərim?

Q u r d K ə r i m
Mənəm, mən.
Xəlil tez qapını açır. Qurd Kərim içəri girir.
Xəlil onu görüb təəccüblə baxır.

Q u r d K ə r i m
Daha qaçaqlarda qalmayıb tutar,
Dövrəyə alıbdır bizi qazaqlar.
(Göz vurur.)
Nəbi yaralıdır, gizlət evində,
Niyə mat-qut oldun, kişi, sevin də!

X ə l i l
Əsirəm, doğrusu, adı gələndə,
Yüz qurban kəsərəm Nəbi öləndə.
Gətirmə evimə.

Q u r d K ə r i m
Nə üçün?

L e y l a
Divan
Başına min manat qiymət qoyub, qan.
Evimdə tapılsa mənə söz gələr.

Q u r d K ə r i m
Qoy barı bu sözü desin özgələr.
(Qulağına nə isə pıçıldayır.)

X ə l i l
Necə?

Q u r d K ə r i m
Bəli, bəli… naçalnik özü.
Heç kəsə hələlik demə bu sözü.

X ə l i l
Çox gözəl.

Q u r d K ə r i m
Gəlirik, sən yer hazırla.
(Gedir.)

X ə l i l
Gül açır könlümdə böyük arzular,
Məndən düşə bilməz allah da şəkkə.
Əziz qonaq girib yorğan-döşəyə
Dincəlsin, kim istər o dincəlməsin?
Kim istər evinə qonaq gəlməsin?..

L e y l a
A kişi, başa düş, gəl sarsaqlama,
Ağrımaz başına yaylıq bağlama.

X ə l i l
Danışma, deyildir bu, arvad işi,
Öz tüpürdüyünü yalamaz kişi.

L e y l a
Qorxuram, axırda çıxa bir əngəl,
Deyəsən başını girləyib əcəl.

X ə l i l
Çərənləmə, dedim!

L e y l a
Sözdür, deyirəm.

X ə l i l
Hələ bundan sonra artacaq rütbəm,
Bu saat Nəbigil bizə gələcək,
Yaxında taleyim, baxtım güləcək.
Asan deyil etmək Nəbini qonaq.

L e y l a
Bu işin axırı çox pis olacaq.

X ə l i l
Arvad, səfehləmə.

L e y l a
Ağıla bax, ala!
(Qaramat atır.)

X ə l i l
Arvad, tez, yubanma, sən yer hazırla!

Qapı döyülür. Nəbi Qurd Kərimin və Tapdığın çiyninə
dayalı halda içəri girir. Nəbinin başı sarıqlıdır.

X ə l i l
Olsun ayağının altında başım.

N ə b i
Bu kimin evidir, Kərim, qardaşım?

Q u r d K ə r i m
Allah bəndəsinin.

N ə b i
Kişi, mənə sən
Sifətdən bir qədər tanış gəlirsən.

X ə l i l
Yaxşılıq etmisən bir zaman mənə.
(Kənara)
Gərək əvəzini qaytaram sənə!

N ə b i
Tutur gözlərimi bir qara pərdə
Bir çara göstərin düşdüyüm dərdə.

Q u r d K ə r i m
Nəbi, nə deyirsən, özünə gəl.

N ə b i
Ah…

X ə l i l
Uzun et Nəbinin ömrünü, Allah!

N ə b i
Bir içim su verin…

X ə l i l
Bu saat.

Q u r d K ə r i m
Dayan!
Su sənə zərərdir, ağırdır yaran.

N ə b i
Bəs Qəhrəman hanı? Bəs Vəli hanı?

Q u r d K ə r i m
Düşmənlər tutmuşdur bütün hər yanı,
Onlar atışırlar.

N ə b i
Durmayın, gedin,
Barı yoldaşlara bir kömək edin!
İgidə yaraşmaz evdə oturmaq.

Q u r d K ə r i m
Nəbisiz qoymaram kənara ayaq.

T a p d ı q
Doğrudur, biz gedək, sənsə burda qal.

N ə b i
Kərim, yox, sən də get, vuruş, qılınc çal!
Adımdan Həcərə tez yetir xəbər.
Yığıb dost-aşnanı gəlsin köməyə,
Həcərsiz uçulur başıma göylər,
Hicran neştərini vurur ürəyə.
Nəbini uzandırırlar.

X ə l i l
Kaş mənə dəyəydi o güllə…

N ə b i
Dostum,
Yanıram su verin mənə bir qurtum.

Q u r d K ə r i m
Yaramaz.

N ə b i
Di, gedin.

Q u r d K ə r i m
Yaxşı, bu saat.

N ə b i
Qoy səni gəzdirsin hələlik Boz at.

Q u r d K ə r i m
Gedək, dostlar, gedək bitməyib dava!

(Kənara)
Nəbinin dərdinə tapılar dava.
(Tüfənglə Nəbini vurmaq istəyir. Nəbi gözünü açır.)
Nəbi can, üstünü açma bu qədər,
Xəstəsən, xəstəyə tez soyuq dəyər.
(Onun üstünü örtür.)

N ə b i
Get, dedim.

Q u r d K ə r i m
Gedirik.
(Gedir.)

N ə b i
(Xəlilə)
Qapını bağla!

X ə l i l
Allah, sən Nəbini bəladan saxla!
Yenə atışırlar.

N ə b i
Bizimkilərdir.
Qəhrəmanla Vəli ər oğlu ərdir.
Çıxardar onları Həcər tələdən.
İgid də qorxarmı oddan, güllədən?!

X ə l i l
Yoxdur bu ellərdə Həcərin tayı.

N ə b i
Qorxutmaz Həcəri düşmənin sayı.
Həcərin saçları dalğa-dalğadır,
İpək birçəkləri halqa-halqadır,
Davada Nəbiyə polad arxadır,
Yazmışam adını ürəyə, Həcər,
Hardasan, gəl yetiş köməyə, Həcər!
Yaram çox ağrıdır…

X ə l i l
Qorxma, inşallah,
Qalxarsan ayağa lap bu gün, sabah,
Ürəyini sixma, qovraqsan, qovraq,
Kiçik bir güllədən yıxılarmı dağ?!

N ə b i
Ah, yata bilsəydim əgər doyunca.,.

X ə l i l
Nədir bu patrondaş, xəncər, tapança,
Qoy açım bunları, uzan, yat, dincəl…
(Nəbinin belindən yaraqlarını açıb taxçadakı
yorğan-döşəyin altında gizlədir.)

N ə b i
Görünür ki, məndən uzaqmış əcəl.

X ə l i l
Gecən xeyrə qalsın, mən getdim, sən yat.

N ə b i
(Sayıqlayır.)
Düşmən oynatmasın meydanımda at!
Verin Boz atımı, Mehdi, durma, cum,
Həcər, yanımca gəl, qoçaqlar, hücum!..
Yağdırın düşmənə güllədən yağiş.

L e y l a
Nəbi, yatmamısan?
Sayıqlayırmış…
(Çıxır, daldan fit səsləri gəlir.)

X ə l i l
Deyəsən bərk yatıb, ayılmaz daha,
Arzuma yetişdim, şükür Allaha.
(Yavaşca bayır qapıya tərəf gedərkən
Nəbi birdən sıçrayır.)

N ə b i
Dayan, hara? Dayan!.. Cavab ver, hara?

X ə l i l
Dəstəmaz almağa.

N ə b i
Hara?

X ə l i l
Bayıra.

N ə b i
Tərpənmə yerindən deyirəm sənə,
Mən aman vermərəm alçaq düşmənə.

X ə l i l
Ay aman, ay haray.

N ə b i
Al, haramzadə.
(Onu vurur.)
Yaşamaq haramdır sənə dünyada.
Bu halda bayırdan səs-küy qalxır. Fit verilir, qapı açılır.
Güllələr içəri yağış kimi yağır. Nəbi yerindən sıçrayır.
Divara söykənib atışmağa başlayır.

N ə b i
Sən də al payını, hiyləgər tülkü!
Hələ ölməmişəm, sağam, bir, iki…
Nəbiyə xəyanət?..
(Qurd Kərimi vurur. Bu vaxt hər tərəfdən qazaqlar içəriyə
tökülüşürlər. Nəbini araya alırlar. Hər tərəf’düşməndir.)

M a h m u d b ə y
Təslim ol Nəbi!
Yoxsa öldürərik səni it kimi.
Tez qandalaqlayın! Dustağımsan sən,
Görərsən, dərini soyacağam mən.
Aparın!..

N ə b i
Aparın, gələr ki, bir gün
Sizin kökünüzü kəsərək bütün.
Nəbini qorxutmaz nə dar, nə zindan,
Bir üzə gülməyir həmişə dövran.

M a h m u d b ə y
Aparın!..

N ə b i
Gedirəm öz ayağımla,
Mən fəxr eləyirəm, qandalağımla.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s