SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ – DÖRDÜNCÜ PƏRDƏ – YEDDİNCİ ŞƏKİL

QAÇAQ NƏBİ

Təbrizdə yoxsul Musanın evi. Nəbi yaralıdır. Yataqda uzanmışdır.
Həcər və Güllü xala da buradadır. Musa Nəbinin yanında oturub
kaman çalır, Nəbi musiqi ahəngi altında danışır.

N ə b i
Düşmənə rast gəldik biz “Çətən daş” da
Altı yüz qazaqdı, Səlim bəy başda.
Vuruşda gündüzü gecəyə qatdıq,
Nə qədər gülləmiz vardısa atdıq.
Lalə tək qızartdı qan dağı-daşı,
Dost-dostu itirdi, qardaş-qardaşı.

M u s a
Ah, dəstən bəs hardadır indi?

N ə b i
Dağ kəndlərində…

M u s a
Olsaydım, Nəbi qardaş, əgər sənin yerində
Gətirərdim onları birbaşa Təbrizə mən.

N ə b i
Yox, yox, Musa, bu işdən duyuq düşərdi düşmən,
Yox, qoy onlar hələlik dağ kəndlərində qalsın.
Yaralılar, yorğunlar bir az dincini alsın.

M u s a
Bağışla, qoydum bayaq söhbətini yarımçıq,
O son davadan danış…

N ə b i
Qardaş, nə deyim artıq.
Sonra ehtiyatla çəkildik geri,
Tez keçdik Arazı o taydan bəri,
Mən bu son vuruşda üç yara aldım.
Bir günün içində on il qocaldım.

M u s a
Nəbi, göz dəyməsin, dəmir kimisən,
Ürək dərdimizin baş həkimisən.
Vətənin oğlusan, millətin gözü.
Qopdu gəlişinlə yaramın közü.

N ə b i
Gəlişim əziyyət versə də sizə,
Pənah gətirmişəm ana Təbrizə.

M u s a
Bu nə sözdür, Nəbi? Öz evindəsən.
Ən əziz qonaqsan bu Təbrizdə sən.

N ə b i
Unutmaq olarmı bu haqqı-sayı.
Arazın o tayı, istər bu tayı
Bir duyan, bir vuran saf bir ürəkdir,
Onun hər dərdinə dərman gərəkdir.

(Nəbi oxuyur.)
Araz, hər yaz çəmən birdir o sahildə, bu sahildə,
Qərənfil, yasəmən birdir o sahildə, bu sahildə.
Bilirsən ki, suya xəncər, qılınc vursan da ayrılmaz,
Ürək birdir, bədən birdir, o sahildə, bu sahildə.
Əzəldən ayrılıq dərdi, vüsal dərdi, vətən dərdi,
İnandım bir də mən, birdir o sahildə, bu sahildə.
Ürək telli müqəddəs saz, şerdən incə xoş bir dil
Araz, bildinmi sən, birdir o sahildə, bu sahildə?!
Haray saldım uzun illər, bütün aləm eşitsin ki,
Əziz, doğma vətən birdir o sahildə, bu sahildə.

M u s a
Bu dərd həm sənindir, həm də mənimdir,
O sahil, bu sahil öz vətənimdir.

N ə b i
Ah, bağı, bağçası, ətir qoxuyan,
Bu yer ürəyimin bir parçasıdır.

M u s a
Hər kənddə ulayır bir bayquş, bir xan,
Düşmənin toyudur, elin yasıdır.
Gəzir qarış-qarış Azərbaycanı
Yükü dağdan ağır bir qəm karvanı.

N ə b i
Belə getməyəcək bu qanlı dövran,
Olacaq zülm evi yer ilə yeksan.

M u s a
Bu mənim üst-başım, bııda ki, evim,
Belə güzəranı mən necə sevim?
Vəfasız dünyada quru canım var,
Bir də ki, ağlayan bir kamanım var.
Adam sayılmayır kim ki, yoxsuldur.
Bu yerdə vicdan da, namus da puldur!

N ə b i
Musa, Qasım dayı gecikdi yaman…

M u s a
Qorxma, gəlib çıxar, qalma nigaran.
Uzaqda mahnı oxunur.
Dərdlilər yollardan gözünü çəkməz,
Haray, bu hicranın əlindən haray!
Ürəyi yanmayan göz yaşı tökməz,
Haray, bu dövranın əlindən haray!
Sirdaş yaranmısan, ey Araz mənə.
Bir dünya dərdim var, qulaq as mənə,
Pərişan görünür bahar-yaz mənə,
Vəfasız dünyanın əlindən haray!

H ə c ə r
Bala, əziz bala, hardasan, harda?!
Bu bədbəxt ananı qoymusan darda.

G ü l l ü x a l a
Sənə dağ çəkənin qurusun əli!

H ə c ə r
Özümdə deyiləm balam öləli.
Verərək baş-başa dərdi-sərimlə
Mən od götürürəm kirpiklərimlə.
Qapı döyülür. Həcər və Gullü xala yan otağa keçir.
Qasım dayı kiçik səbətdə Nəbiyə Üzüm gətirir.

N ə b i
Aha, Qasım dayı, xoş gördük səni.

Q a s ı m
Vəfasız düşünmə o qədər məni.

M u s a
Qasım, nə xəbərlə gəlmisən?

Q a s ı m
İş var…
Düşmənlər Nəbiyə quyu qazırlar.

M u s a
Bəs niyə gecikdin?

Q a s ı m
Bir səbəb oldu.

N ə b i
Tez danış, ürəyim şübhəylə doldu.

Q a s ı m
Qoy deyim birbəbir öyrəndiyimi,
Təbriz hakiminə Tiflis hakimi
Haqqında yazıbdır belə bir fərman:
“Gərək təslim etsin Nəbini İran”.
Burda Səlim bəyin bir dostu vardır,
Adı Paşa bəydir, qart canavardır.
Ona da yazıbdır sizin Səlim bəy,
“Nəbini tutmaqçın mənə et kömək”.
Odur ki, bu saat Paşa bəy, divan
Səni axtarırlar, səni, Nəbi can…

N ə b i
Deyirsən, burdan da çəkilək geri!

Q a s ı m
Deyəsən duyublar olduğun yeri.

N ə b i
Kim verdi sənə bu qara xəbəri?

Q a s ı m
Haman Paşa bəyin qoca nökəri.

M u s a
Nəbi, biz onunla qohumuq bir az,
O, bizim adamdır, yalan danışmaz.

Q a s ı m
(Xatirinə salaraq)
He… bir də deyir ki, dəstəndən kimsə
Bu işə qol qoyub…

N ə b i
(Həyəcanla)
Necə?

Q a s ı m
Nə isə
Bir az ehtiyatlı olsan nə olar?
Göz-qulaq olmağın zərərimi var?

N ə b i
Çətindir, çətindir buna inanmaq,
Dəstəmdən Kərimdir Təbrizdə ancaq.
Vuruşda sağ əlim, dostum, qardaşım,
Mənim dar günümdə ürək sirdaşım.
(Fikirləşir.)
İnsandır… Bəlkə də, dilim qurusun.
Mən nə danışıram?.. Öz yurdumzun
Vəfalı oğlundan şübhə yaramaz
Yəqin yalan qatıb doğruya bir az.

Q a s ı m
O, yalan danışmaz, ayıq ol, Nəbi!
Hər tərəf casusdur, sayıq ol, Nəbi!
Uymasın ürəyin hər şirin dilə,
Dostu yaman gündə imtahan elə.
Qapı üç dəfə döyülür. Qurd Kərim gəlir, həyəcanlıdır.

Q u r d K ə r i m
(Nəbiyə)
Qardaşım, necəsən?

N ə b i
Yaxşıyam bir az.

Q u r d K ə r i m
Mənə bıçaq vursan heç qanım çıxmaz.
Hər yana baxırsan xarabazardır.
Dolub dilənçiylə küçə və meydan,
İlan oynadanla, meymun oynadan
Bütün camaatı yığır başına…

M u s a
(Kinayə ilə)
Yaman darıxırsan deyəsən, aşna!
Ancaq bunlarımı görür gözlərin?
Heç məni açmadı sənin sözlərin.

N ə b i
Yoxsa qardaş dərdi könlünə yaddır?

Q u r d K ə r i m
Yox, Nəbi, deyirəm, bu nə həyatdır?

N ə b i
Bu sözlər yaraşmır sənin adına,
Qara keçmişini sal bir yadına.

M u s a
Kərim, heç qınama təbrizliləri,
Başları üstündə ölüm xəncəri
Verir öz hökmünü sorğu-sualsız,
Sən bir ev tapmazsan, qəmsiz, məlalsız.
Küçədən bir neçə güllə səsi eşidilir. Hamı bir an qulaq asır.

Q u r d K ə r i m
Uzaqda atıldı.

N ə b i
Həcər, mənə bax.
Burda qalmaq olmaz, tez yola çıxaq.
Çalışaq, düşməyək ələ bu gecə.

G ü l l ü x a l a
Hamının ürəyi birdirsə əgər,
Mənimsə ürəyim ikidir, Həcər,
Biri bu taydadır, biri o tayda.

H ə c ə r
Ağlama, ağlamaq verərmi fayda?

N ə b i
Sağ ol, Güllü xala,var ol, a Musa…
Qucaqlaşıb öpüşürlər,

M u s a
And olsun pozulmaz dostluğumuza,
Gəlləm yanınıza bir neçə aya,
Bizdən salam deyin dosta, aşnaya.

Q a s ı m
Nədir bu ayrılıq, bilə bilmirəm,
Nədən bülbül qonmaz gülə, bilmirəm,
Gülmək istəyirəm, gülə bilmirəm,
Məni yalqız qoyub, gedəndən ayrı,
Can necə yaşasın bədəndən ayrı?!
Güllü xala Nəbinin dalınca bir kasa su atır.

P Ə R D Ə

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s