SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ -ÜÇÜNCÜ PƏRDƏ – ALTINCI ŞƏKİL

qaçaq nebi1

Köçərilərin düşərgəsi. Gecədir… Arazın yaxınlığında bir qayalıq.
Nəbinin dəstəsi düşmən təqibindən qurtarıb buraya gəlmişdir.
Köçərilər Nəbinin adamlarına yer vermişlər.

H ə c ə r
Lay-lay dedim yatasan,
Qızıl gülə batasan.
Gül yasdığın içində
Şirin yuxu tapasan.
Laylay, balam, a laylay.
Laylay, gülüm, a laylay.

F a t m a
(Körpəyə)
Yat deyirlər,yat barı,
Ömrümün laləzarı.
Sənə gələn elçilər
Dağıdacaq kandarı.
Nə dəcəlsən, can bala,
Salırsan min qan, bala,
Maddım-maddım baxırsan,
Yatarsan haçan, bala?

Qurd Kərim, Qəhrəman və Mürsəl gəlirlər.

H ə c ə r
A Kərim, bir xəbər bildinmi?

Q u r d K e r i m
Yox, yox…

H ə c ə r
Doğrusu, Nəbidən nigaranam çox.

F a t m a
Dünyada dərd hanı bu dərddən acı?

Q u r d K ə r i m
Sıxma ürəyini, ay Həcər bacı.

M ü r s ə l
Gəzdik qarış-qarış hər yanı, Həcər,
Dostumuz Nəbidən bilmədik xəbər.

H ə c ə r
Görəsən, nə gəlib yenə başına?
(Ağlayır.)

M ü r s ə l
Yoxam, Həcər bacı, bu göz yaşına,
İnsan şişirtməsin gərək dərdini,
Sovur küləklərə ürək dərdini.

F a t m a
Ay Allah, başına gəlməsin xəta.

M ü r s ə l
Nəbi sağ çıxacaq düşsə də oda
Yəqin ki, rast gəlib yolda bir kəsə,
Qonaq aparıblar.

H ə c ə r
Bəlkə, nə isə…
Satqına rast gəlsə satar Nəbini,
Divan da zindana atar Nəbini.
Ürəyim dincəlmir.

F a t m a
Yorma özünü…
Nəbi eşitsəydi sənin sözünü,
Doyunca gülərdi.

M ü r s ə l
Aşkardır, aşkar,
On düşməni varsa, on min dostu var.

Q u r d K ə r i m
Dost-dostu satarmı? Gəlməyir dilim.

H ə c ə r
Zəmanə xarabdır, vallah, nə bilim,
Sinəm dərd əlindən sökülür, budur.

Q ə h r ə m a n
(Həcəri bir kənara çəkir.)
Həcər bacı…

H ə c ə r
Bəli…

Q ə h r ə m a n
Qulaq as.

H ə c ə r
Buyur.

Q ə h r ə m a n
Nəbiyə heç bir şey olmayıb, olmaz.
İndicə gələcək, səbr elə bir az!
Hara getdiyini dedi dostuna.
(Özünə işarə edir.)
Qardaşı Mehdi də qoşuldu ona.
Gizli yol tapmağa gediblər, Həcər,
Bəlkə bu Arazı keçək bir təhər.
Düşmən yerimizi bilməyir hələ,
Gərək birimiz də keçməyək ələ.
Çox gözəl tanıyır Nabi Təbrizi,
Təbriz dostlarımız saxlayar bizi.
Nəbiyçin heç qorxma, düz deyirəm mən,
Qayıdar indicə yuaxarı kənddən.
Sən məcbur elədin bu sirri açım,
Bunu bir mən bilim, bir də sən, bacım!..

H ə c ə r
Ömrün uzun olsun, Qəhrəman qardaş
Xətər görməyəsən heç zaman, qardaş!..

Q ə h r ə m a n
Dəstəmiz Arazı tez gərək keçə,
Çünki qorxuludur bu dilsiz gecə.

F a t m a
Səhərdən acsınız, oturun, yeyin.

M ü r s ə l
Bir dadaq, necədir sənin xörəyin.

Q u r d K ə r i m
Nəbisiz haramdir bu çörək mənə,
Onsuz parçalanır ürəyim yenə.

M ü r s ə l
Nəbi gəlib çıxar, kefini pozma!

F a t m a
Allah, sən Nəbiyə qara gün yazma!

M ü r s ə l
Tanrı çox görməsin Nəbini elə!
Analar elə qoç doğmayıb hələ.

Q u r d K ə r i m
Səlim bəy nə qədər güclu olsa da,
Nəbidən tük salır.

H ə c ə r
Kişidir o da?

M ü r s ə l
Ay Kərim, sən allah, adam adı çək.
Oturun başındakı ləçəkdir, ləçək!

Q u r d K ə r i m
Sönməyib hələ də ürəyində kin.

M ü r s ə l
Filin qabağında neylər bir çibin?
Hamı yeməyə məşğul olur.Həcər körpəsinin yanına keçir.
Qurd Kərim fənəri qapıb gizli işarə verir.

H ə c ə r
Deyəsən yatmaqla heç yoxdur aran?
Yat, bala, deməkdən yoruldu anan.
(Zarafatla)
Niyə dərdə-sərə salırsan məni,
Görüm, cavanəzən öləsən səni.

F a t m a
Nə sözdür deyirsən, ay Həcər bacı?
Qoy düşmənin keçsin günləri acı.
Tökmə acığını yazıq körpəyə.
Niyə danlayırsan balamı, niyə?
(Uşağı oradakılara göstərir.)
Sifəti elə bil çiçəkli yazdır,
Gözləri qapqara, bir cüt gilasdır.
Burnu, göz dəyməsin yekədir, yekə,
Qulağı dağlara salıbdır kölgə.

M ü r s ə l
Nəbinin burnundan düşmüsən, ay qız?
Çuvaldan seçilmir səndəki ağız,
Ayaqların kündə, əllərin kösöy,
Gəlin gedən kimi qaynananı döy!
Zarafat elədim, qəşəngsən, küsmə,
Büzmə dodağını, mən ölüm, büzmə!

F a t m a
Ay allah, bundan beş dənə ver.
Heç olmasa, üç dənə ver.
Həsrətin çəkmişlərə ver,
Çaladakı camışlara ver.
Bu dəmdə uzaqdan bir güllə səsi eşidilir. Eyni zamanda Kərim də
havaya bir güllə atır. Uzaqdan at ayaqlarının səsi gəlir.
Hamı heyratdədir.

M ü r s ə l
Deyəsən, gələn var, dinməyin, sakit.

Q ə h r ə m a n
Verməz ehtiyatı əlindən igid.

Q u r d K ə r i m
Baxım, görüm, kimdir?

Q ə h r ə m a n
Gör kimdir gələn?

F a t m a
Həcər, sən durma, gəl bəridə əylən.
Qadınlar körpəni alıb yan tərəfə keçirlər.

M ü r s ə l
Olmaya Səlim bəy qazaq gətirir?

Q ə h r ə m a n
Qorxaqlar özünü bərkdə itirir.

S ə s l ə r
Dayan, dayan, qaçma!

Q ə h r ə m a n
Aman, alçaqlar…
Güllə açılır, bir nəfər yıxılır.

M ü r s ə l
Aldı üstümüzü atlı qazaqlar.
Səlim bəy, Səlim bəy.
Özüdür ki, var…
Bəylər və qazaqlar onları əhatə edir.

S ə l i m b ə y
(Yaxındakılara)
Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar.
Qaçıb başımıza əngəl açsınlar.
Qoymayın bir nəfər çıxsin salamat,
Yaxşı qisas alın, ad çıxarın, ad…
Bir neçə nəfər ətrafı axtarır, Mürsəl kişini qolu bağlı götürürlər.

M ü r s ə l
Daha dayanmışdır, bıçaq sümüyə,
Ellərin naləsi ucalır göyə.
Min oyun açdınız onun başına…

S ə l i m b ə y
A gədə, durmayın, vurun başına.
Vururlar.

F a t m a
Vurmayın, dayanın, vurmayın bizi,
Allah amanıdır, qırmayın bizi.

S ə l i m b ə y
Yaxşı, deyin görüm, hardadır Həcər?
Yoxsa danışdırır sizi bu xəncər…
Hanı, Həcər hanı?

M ü r s ə l
Bilmirəm…

S ə l i m b ə y
Söylə.

M ü r s ə l
Dedim ki, bilmirəm…

S ə l i m b ə y
Dilə bax, dilə…
Həcərin yerini göstərməsəniz
Murdar yuvanıza od vurarıq biz.
De görüm, hardadır Həcər bu saat!
Bu halda səhnə arxasından qışqırıq qopur. Koxa və bir neçə qazaq
Həcəri tutub gətirir.

M ü r s ə l
Sən insan deyilsən, cəlladsan, cəllad!

F a t m a
Amandır, dəyməyin.

H ə c ə r
Buraxın məni!

M a h m u d b ə y
Əldən buraxarmı düşmən düşməni?!
Gərək nəslinizi qıraq birbəbir.
Həcər çırpınır. Səlim bəyi vurmaq istəyir.

S ə l i m b ə y
Dəyməyin, dayanın.

H ə c ə r
Sözünüz nədir?

S ə l i m b ə y
Xoş gördük, əhvalın necədir, söylə?
Xoşuna gəlirmi yaşamaq belə?
Yıxıl ayağıma, öp ayağımdan.

H ə c ə r
Əyilməz düşmənə ölsə də aslan.
Papaq deyil sizin başınızdakı
Bir baxın, Həcərdir qarşınızdakı!

S ə l i m b ə y
Buraxıb möhtəşəm o cah-cəlalı
Bir adsız gədanın oldun əyalı.
Atıb qızılları, atıb daş-qaşı,
Özünə yurd-yuva etdin dağ-daşı.
Bu da həyatmıdır?

H ə c ə r
Bəs nədir, səncə?

S ə l i m b ə y
Bu, it günündən də betərdir, məncə.
Bax, yenə əlimdə əsirsən, əsir,
Duyuram, qorxudan ürəyin əsir.
Yolunu gözləyir çoxdan qazamat,
Bir şərtlə elərəm mən səni azad.

H ə c ə r
Nə şərtlə?

K o x a
(Sözə qarışır.)
Ay arvad!

H ə c ə r
Arvad özünsən.

K o x a
Olsun, ancaq, Həcər, deyirəm ki, mən
Bizim, Səlim bəyə ver doğru cavab,
Doğru danışmaqsa savabdır, savab…

H ə c ə r
Əzəldən yalanla olmayıb işim.

K o x a
Siz danışın, mən də bığımı eşim.

S ə l i m b ə y
Həcər, de Nəbinin bizə yerini,
Qorxma, öldürmərik sənin ərini.

H ə c ə r
Azad könüllərdir onun qalası.

S ə l i m b ə y
Ayağı çarıqlı, kəndli balası
Bəylərə, padşaha bata bilərmi?
Murdar arzusuna çata bilərmi?
O, bu yaxındadır, gizlənib yəqin,
Qorxaqdır, mən buna əminəm, əmin!..
Gəlsin meydanıma cürəti varsa,
Güdsün namusunu qeyrəti varsa.

H ə c ə r
Maşallah, qeyrətdən kalansan yaman,
Lap sənin kimiydi, gorbagor atan.

S ə l i m b ə y
Bunda cürətə bax!

H ə c ə r
Beləyəm, belə.
Ağzın süd qoxuyur, körpəsən hələ!

S ə l i m b ə y
Arvad olmasaydın, səni qılıncla
İkiyə bölərdim.

H ə c ə r
Bu qol, bu qıçla?
Silahım olsaydı, bunu bil ki, sən,
Qoymazdım yanmıda nəfəs çəkəsən!

K o x a
Həcər, olacaqsan axırda məyus.

H ə c ə r
Sus, boşqab yalayan piltəbığ dəyyus!

K o x a
Bunda əsər yoxmuş ardan, həyadan.

S ə l i m b ə y
(Düşünərək)
Alın körpəsini, atın qayadan!
Uşağı beşikdən götürürlər. Fatma onlarla əlbəyaxa olur, uşağı əllərindən
almaq istəyir.

F a t m a
Körpədə nə günah? Aman, rəhm elə!

M a h m u d b ə y
Düşmən balasıdır, o, gərək ölə!

H ə c ə r
Bala, anan ölsün, bala can, bala…
Ananın ürəyi oldu qan, bala…
Buraxın!

K o x a
Uşağı atdılar.

H ə c ə r
Aman!

S ə l i m b ə y
Aparın, yolunu gözləyir zindan!
(Gülür.)

H ə c ə r
Səlim bəy, sevinib gülmək nahaqdır,
Bilin, bu qan yerdə qalmayacaqdır!

S ə l i m b ə y
Aparın! Aparın!
Həcəri aparırlar. Qurd Kərim görünür.

S ə l i m b ə y
Qurd Kərim, sənsən?

Q u r d K ə r i m
Bəli, mənim ağam!

S ə l i m b ə y
Afərin, əhsən!
(Pul verir.)
Bəs Nəbi hardadır?

Q u r d K ə r i m
Yuxarı kənddə.

S ə l i m b ə y
Daha durmaq olmaz bir dəqiqə də.
Güllə səsləri.
Bu nədir?

Q u r d K ə r i m
Evimiz yıxıldı, aman…
Yəqin ki, Nəbidir.

S ə l i m b ə y
Mən getdim…

Q u r d K ə r i m
Dayan!
Bu tərəfdən gedin.

S ə l i m b ə y
Çox gözəl.

Q u r d K ə r i ın
Bəs mən?

S ə l i m b ə y
Burda qal, bilmirəm, qorxursan nədən?

Q u r d K ə r i m
Vallahı şübhəyə düşsələr əgər
Nəbigil dərimə saman təpərlər.

S ə l i m b ə y
Yox, yox, sən burda qal, ayıq ol, ayıq!

Q u r d K ə r i m
Qorxuram…

S ə l i m b ə y
Mən getdim, danışma artıq!

N ə b i
(Səhnə dalından)
Qoymayın onları çıxsın aradan,
Qırın namərdləri, verməyin aman!
Atışma qızışır. Nəbi yel kimi səhnədən gəlib keçir. Nəbinin döyüşçüləri
qızğın atəş açırlar. Səhnədə qaçişırlar. Səlim bəyin dəstəsindən ölənlər olur.

H ə c ə r
Hanı mənim balam, verin balamı!
Yarın bu sinəmi, görun yaramı!..

N ə b i
Həcər, aç gözünü, qoçaq arvadım.
Sənsiz bir zindandır ömrüm, həyatım!

H ə c ə r
Bircə balam vardı gül kimi, Nəbi!
Cəlladlar öldürdü ilkimi, Nəbi!

N ə b i
Bu ağır yaranı sağaldar zaman,
Vətən göylərindən çəkilər duman.

M e h d i
Qardaşım, sahildə toplaşıb dostlar,
Gəl keçək Arazı nə qədər vaxt var.

N ə b i
Gedək, Həcər, gedək, yağı gəlməmiş,
Arazı adlayaq dan sökülməmiş.
(Araza xitab eləyir.)
Bax, Arazım, bu dəhşətə, müsibətə şahid ol,
Azadlığa qurbanların üzərindən gedir yol.
Biz iki qan qardaşıyıq, aramızdan axırsan,
Ayrılıqdan qövr eləyən yaramızdan axırsan.
Hey axırsan, bizim ulu babaların yaşından,
Tarix bilir nə bəlalar gəlib, keçir başından…
Sənsən mənim qana dönmüş ürəyimin aynası,
Arzum budur, külə dönsün bu zalımlar dünyası!
Al qoynuna dostlarını, ey bağrı qan Arazım,
Mənim qanlı göz yaşımdan yaranmısan, Arazım!
Əlbir olub od salmaqçün düşmənlərin canına,
Sinən üstdən yol ver, keçim qardaşımın yanına!

P Ə R D Ə

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s