SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ -ÜÇÜNCÜ PƏRDƏ – BEŞİNCİ ŞƏKİL

qaçaq nebi2

Şuşada Təhmas bəyin bağı, Toy məclisidir. Yeyıb içir, çalıb oynayırlar.

K o x a
Təhmas bəy, Təhmas bəy, baxtımız gülür,
Naçalnik Səlimin toyuna gəlir.

T ə h m a s b ə y
Səni şad xəbər ol həmişə, Koxa!

K o x a
Budur, buyurdular naçalnik ağa.

N a ç a l n i k
(Gəlir.)
Toyunuz mübarək, Təhmas bəy, salam!

T ə h m a s b ə y
Aha, xoş görmüşük, hardasan balam?

S ə l i m b ə y
Naçalnik, xoş gəlib.

N a ç a l n i k
Səlim bəy, yaşa!
Yaxın gəl eləyək sənə tamaşa…
İgiddir, qoçaqdır, göyçəkdir, göyçək.

T ə h m a s b ə y
Polkovnik, buyurun, içəri keçək.

N a ç a l n i k
Bəh-bəh, ətir saçır güllər, çiçəklər,
Bağçada oturaq hələ bir qədər.

T ə h m a s b ə y
Naçalnik, bağışla, sevindiyimdən
Vallahi başımı itirmişəm mən.
Ayağm altında qoç kəsəm gərək.

N a ç a l n i k
İstəməz, Təhmas bəy, dayan bir görək.

T ə h m a s b ə y
Sizinçün yüz qurban kəssəm də azdır.

N a ç a l n i k
Təhmas bəy qəribə mehmannəvazdir.

T ə h m a s b ə y
Yerdən göyə qədər razıyam sizdən,
Gözümə nur gəldi gəlişinizdən.

S ə l i m b ə y
Ə… quzu ətindən yaxşı kabab çək!..

N a ç a l n i k
İçək sağlığına Səlimin, içək.

K o x a
(Səlim bəyə)
Nəbi zağ-zağ əsir adın gələndə,
Rəhmətlik babanın gücü var səndə.

M a h m u d b ə y
Sənə tay tapılmaz, aslansan, aslan!
Görüm dağılmasın əsla büsatın.

K o x a
Bu ölsün, Nəbigil sənin qorxundan
Siçan deşiyini alacaq satın.

N a ç a l n i k
Deyirlər ki, Nəbi çapır kəndləri,
Tutur körpüləri, tutur bəndləri.

M a h m u d b ə y
Düz buyurursunuz, bəladır, bəla
Min hiylə qurursan, düşməyir tora.

T ə h m a s b ə y
Əlimə çörəkçin baxan bir gəda
Salıb varlığımı bir yanar oda.
Vurur addım başı adıma ləkə,
Nəbi təhlükədir, boyük təhlükə…
Bu dərdə tezliklə tapmasaq çara
Yaramın üstündən vuracaq yara.

M a h m u d b ə y
Bəylərin yurdunu qoyub virana,
İş bərkə düşəndə keçir İrana.
Bir dəstə düzəldib təbrizlilərdən,
Cumur üstümüzə yel kimi hərdən.

N a ç a l n i k
Necə olmuş olsa, ağalar, yenə
Canı əlimdədir, inanın mənə.

T ə h m a s b ə y
Bəli, qanun, divan, hər şey bizdədir,
Padşahın kölgəsi üstümüzdədir.
Doğru demirəmmi, cənab naçalnik?

N a ç a l n i k
Da, da… Fikrinizə oluram şərik.

K o x a
Naçalnik danışır, bir qulaq asın.

N a ç a l n i k
Qəribə xalqı var sizin Qafqazın.,
Padşaha inanmır, mənə inanmır.
Min dil tökürəmsə yenə inanmır.
Siz bir motal papaq kəndliyə baxın,
Nə bəyi, nə xanı qoymayır yaxın.
Sarılıb silaha çıxır dağlara,
Cəza da kar etmir o alçaqlara.
Əgər belə getsə, nəyimiz qalar?
Onlar başmızın üstünü alar,
Dağıdar bəylərin xanimanını,
Bölər torpağını, içər qanını.
Sizlər yatmışsınız, onlar oyaqdır.

T ə h m a s b ə y
Yox, hələ ölməyib, bəylər də sağdır.

N a ç a l n i k
Bəylər! Sözüm sizə gəlməsin acıq,
Bütün el-obanız, bağırır: acıq.
Fürsət tapan kimi bizimkiləri
Tutub öldürürlər… Bəyin nökəri…
(İstehza ilə)
Vətəndən danışır, eldən danışır,
Elin qəlbindəki teldən danışır.

T ə h m a s b ə y
Qəm yemə, qəm yemə, hər şey düzələr,
Onun öhdəsindən Təhmas bəy gələr.

N a ç a l n i k
Ölümün gözünə dik baxan adam
Quru sözlə ölməz!

T ə h m a s b ə y
Göynəyir yaram,
Onu öldürməsəm, sabah başıma
Mən papaq qoymaram, ləçək bağlaram.

N a ç a l n i k
Bu, sözün doğrusu gəldi xoşuma,
Bu xidmətlərini yadda saxlaram.

K o x a
Qorxaqdır, çox da ki, mərd çıxıb adı,
Onu xilas edir ancaq Boz atı.

N a ç a l n i k
Bizim Səlim bəysə qoçaqdır, qoçaq,
Gec-tez hökumətdən medal alacaq.
Səlim bəy, cəhd elə, göstər özünü.

S ə l i m b ə y
Doğrultmaq borcumdur sənin sözünü,
Naçalnik, görərsən gücümü.

N a ç a l n i k
Əhsən…

T ə h m a s b ə y
Görün, necə oğul böyütmüşəm mən!

K o x a
(Lovğalanaraq)
O gün rast gəlmişdik Nəbiyə.

X ə l i l
Necə?
Koxa, doğrudanmı?

K o x a
Sərçəymiş, sərçə,
Atışdıq, onunla bir neçə saat.

X ə l i l
Sonra?

K o x a
O alçağı qurtardı Boz at.
Rastıma gələrsə bir də o tülkü
Bölərəm xəncərlə bilin tən iki.

M a h m u d b ə y
Camaat şişirdib onun adını,
Bilməyir zərbəmin hələ dadını.
(Naçalnikə)
Başına and olsun, əlimə düşə
Mən onun ətini çəkərəm şişə.
Mənə də Mahmud bəy deyərlər.

T ə h m a s b ə y
Əhsən…

S ə l i m b ə y
Atamın belindən gəlməmişəm mən
Tutub dərisini soymasam onun,
Anasını ağlar qoymasam onun.

N a ç a l n i k
Ağalar, qorxmayın, qüvvət sizdədir,
Padşahın nəzəri üstünüzdədir.

T ə h m a s b ə y
Nəbi qurmaq üçün bəylərə tələ
Torpaq vəd eləyir bu azğın elə.

N aç a l n i k
Təhmas bəy, ağalar, sizindir torpaq,
Sizindir… yenə də sizin olacaq!
Nədən qorxursunuz, bilmirəm, nədən?
Dağ kimi durmuşam arxanızda mən.
(Təhmas bəyə)
Etmə hər söz üçün qanını qara,
Torpaq istəyəni çəkdirrəm dara!
Hamı onu alqışlayır.

K o x a
Deyirəm, xanəndə qatar oxusun.

N a ç a l n i k
Etiraz etmirəm, tatar oxusun!

T ə h m a s b ə y
Gərək ərşə qalxsın səsi bu toyun,
Niyə durmusunuz, çalın, oxuyun!

M a h m u d b ə y
Çalın, qoy naçalnik oynasın bir az.

N a ç a l n i k
Doğrusu, oynamaq bilmirəm.

T ə h m a s b ə y
Olmaz.

N a ç a l n i k
Səlim bəy yaxşıdır, bir hava çalın.
Oynasın qartalı sizin mahalın.
Rəqs havası çalınır. Səlim bəy oynayır. Sonra Koxanı oynamağa
dəvət edir. Güllə səsləri. Səlim bəy tələsik çıxır, bu zaman Nəbi
öz dəstəsilə həyətə girir. Hamı donub qalır.

N ə b i
Kimsə tərpənməsin yerindən, yoxsa…
Tərpənsə anası batacaq yasa!

X ə l i l
Amandır, amandır, qırmayın bizi.

N ə b i
Yuxarı qaldırın əllərinizi!
Ayrılın, arvadlar, siz bu tərəfə.
Kişilər o yana… artıq bu dəfə
Sizə qan tökməyə vermərəm macal.
Qəhrəman, onların silahını al!
Mehdi can, sən də get, tez Həcəri tap,
Qurbanı olduğum o dilbəri tap!

N a ç a l n i k
(Bağırır.)
Bu nədir, sən kimsən?

N ə b i
Adamam, necə?

K o x a
(Mizin altından)
Deyir ki, qonaq ol bizə bu gecə.

V ə l i
Dilin topux çalır.

K o x a
Qurbanın olum,
Anadan gəlmədir.

Q ə h r ə m a n
Çərənləmə, yum!..
Qadınlar qorxudan çığırırlar.

N ə b i
Xanımlar, qorxmaym, dəymərik sizə,
Bunların gözüylə baxmayın bizə.
Biz, adam öldürən deyilik, ancaq
Bizi bu alçaqlar eləyib qaçaq.

N a ç a l n i k
Vəhşilər yurduymuş doğrudan, Qafqaz.

V a s i l i
Kəs, səsini, cəllad.

N a ç a l n i k
Aha, yaramaz!
Sən də bunlardansan?

V a s i l i
Bəs, necə?

N a ç a l n i k
Alçaq!..
(Ona əl qaldırmaq istəyir.)

V a s i l i
Bu dəfə niyyətin baş tutmayacaq.
(Vasili naçalnikin tapançasını çıxarır.)

N a ç a l n i k
Qardaş, ağlın olsun, inadı burax,
Sən rus saldatısan, deyilsən qaçaq.

V a s i l i
Əcəb qardaşım var, alçaq yaramaz!
Dilin tövbə deyir, ürəyin qisas.

N ə b i
Vasili, sən ona dəymə hələlik.

N a ç a l n i k
Köləlik yaraşır sizə, köləlik!

N ə b i
Adam hörmət elər gələn qonağa,
Gəldim nişanlımı aparım, dağa.
Toyum Salvartıda olacaq, bilin,
Təvəqqe edirəm, hamınız gəlin!
Mehdi və Həcər yan otaqdan səhnəyə gəlir.

H ə c ə r
Nəbi can!

N ə b i
Həcərim, gülüm, çiçəyim.

H ə c ə r
Çatdı arzusuna yazıq ürəyim.

N ə b i
(Həcərin bəzəyinə işarə edir.)
Çıxart, at bunları, boyuna qurban.
Qızılın, daş-qaşın, dövlətin, malın
Üstündə yatmışdır bir qara ilan.

H ə c ə r
Qandır bünövrəsi bu cah-cəlalın.
Mənə tüfəng verin, bu gündən belə!
Namuslu qız kimi qoşulub elə
Düşmənin bağrını didəcəyəm mən,
Nəbinin yoluyla gedəcəyəm mən.

M e h d i
Yolçu yolda gərək, yubandıq, qardaş!

Q ə h r ə m a n
Tez çapaq atları dağlara birbaş.

N a ç a l n i k
Bu xəbər, çatarsa padşaha, inan,
Olar yurd, yuvanız yer ilə yeksan.

N ə b i
O “adil” padşaha deyiniz ki, mən
Taxtına, tacına düşmənəm, düşmən.
(Koxaya)
Sən mənim adımdan cənab, zəhmət çək,
Səlim bəyə de ki, toyun mübarək!
Ağalar, gedirik… hələlik… ancaq
Yerindən tərpənən sağ qalmayacaq!
Mənim sizdən yalnız bir xahişim var,
Çağrılmamış qonaq kimdi, sorsalar –
Deyərsiniz ki, o, Qaçaq Nəbiydi,
Dostları özündən qoçaq Nəbiydi!
Gedirlər.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s