SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ -ÜÇÜNCÜ PƏRDƏ – DÖRDÜNCÜ ŞƏKİL

qaçaq nebi

Həcərgilin evi. Ev kasıb qaydasında döşənmişdir.
Həcər nigarançılıq çəkir.

H ə c ə r
Yaman nigaranam bacım Çimnazdan,
Düşmənlə doludur hər tərəf, hər yan.
Süzürəm gözümlə uzaq yolları,
Görəsən, Nəbini tapdımı barı?
Ona yetirdimi dediklərimi?
Ah… Nəbi bilsəydi dərdi-sərimi
Nə məni, nə eli qoymazdı darda,
Aman, harda qaldı, bu Çimnaz, harda?!

Bu zaman qapı döyülür. Həcər həyəcanla qapıya cumur.
Gülbacı daxil olur.

G ü l b a c ı
Qızım, niyə belə qəmginsən,

H ə c ə r
Ana…
Dönüb dərd əlindən ürəyim qana.

G ü l b a c ı
Bala, nahaq yerə, qulaq as mənə,
Nələr deyəcəyəm gör indi sənə.
Nəbidən danışır aləm yenə də,
Bu söz ildırım kimi yayılıb kəndə:
Deyirlər, padşaha qaldırdılar əl,
Görünür başını girləyib əcəl.

H ə c ə r
Sözünün mənası nədir, ana can?

G ü l b a c ı
Mənası odur ki, qan qusur atan.
Dedi, sözlərimi qizima çatdır.
Razılıq verməsə, o mənə yaddır,
Həcər, bir başa düş atan deyəni.

H ə c ə r
Niyə yorursunuz bu qədər məni,
Nəbi məni sevir , məndə Nəbini,
Elin adətini, elin dəbini
Pozmaq istəyirsə, qoy pozsun atam.
Sonra hara yozur, qoy yozsun atam,
Belə bir təklifə asmaram qulaq,
Etməyin baxtımı gündə daş-qalaq.

G ü l b a c ı
Dili dil deyil ki, zəhərdir, zəhər.
Adam öz xeyrini bilməzmiş…

H ə c ə r
Yetər!…
Şahməmməd zümzümə eliyə-eliyə gəlir.

Ş a h m ə m m ə d
Gün doğdu, el oyandı,
Aləm nura boyandı,
İstəklim atdı məni,
Ürəyim oda yandı.

(Həcərə)
Həcər can, necəsən?

H ə c ə r
Yaxşıyam, ata.

Ş a h m ə m m ə d
Buludlar çaxnaşır baxışlarında.
Qoy ürək sözümü söyləyim aydın,
Bir gün yaşamazdım sən olmasaydın.

G ü l b a c ı
Mətləb üstə gələk.
Qulaq as, qızım,
Gözümün işığı, dürr, almaz qızım.

Ş a h m ə m m ə d
Nəbinin adını çıxart yadından,
Bizə xeyir gəlməz onun adından.
Bir gün açacaqlar başına kələk,
Hamı belə deyir: əldə öləcək.

H ə c ə r
Allah eləməsin, danışın açıq.

Ş a h m ə m m ə d
Qızım, deyirəm ki, sən ağ günə çıx,
Sənə o Nəbidən olmaz adaxlı.
Bir gün ayaqları, qolları bağlı
Sibirə gedəcək, bizdən deməkdir.

H ə c ə r
Bu uzun nəsihət kimə gərəkdir?

Ş a h m ə m m ə d
Səni istəyən var, lap böyük yerdən.

G ü l b a c ı
Adı Səlim bəydir.

H ə c ə r
(İstehza ilə)
Nə xoşbəxtəm mən.

G ü l b a c ı
Bəs necə, əlbəttə xoşbəxtsən, bala.

Ş a h m ə m m ə d
Adam da göz yumar bu cah-cəlala?!

H ə c ə r
Boğaram özümü, inanın!

Ş a h m ə m m ə d
Aman…

H ə c ə r
Yada ki, ataram dağdan, qayadan…

G ü l b a c ı
Bu naz, bu şıltaqlıq əbəsdir, əbəs.
H ə c ə r
Mənə lazım deyil o qızıl qəfəs!

G ü l b a c ı
Qızım, eşitməsən bu öyüdümü
Halal eyləmərəm sənə südümü.

H ə c ə r
Ana, yalvarıram, əhdi pozmayın,
Mənə diri-diri qəbir qazmayın.

Ş a h m ə m m ə d
Qızım!

G ü l b a c ı
Baxma onun sən göz yaşına,
Gəl gedək, ağlını yığsın başına.

Ş a h m ə m m ə d
Özünü ələ al, ağlama, qızım,
Atanın qəlbini dağlama, qızım.
Gedirlər.

H ə c ə r
Bu qara günümdə, bu dar günümdə,
Ürəklər dağlayan ağlar günümdə,
Yanımda dərdimi bilənim yoxdur,
Gözümün yaşını silənim yoxdur.
Görünür, beləymiş Həcərin baxtı.

At ayaqlarının tappıltısı eşidilir.

Odur, Nəbi gəldi… Keçən qazaqdı.
Yollar xatalıdır, qorxuram yaman,
Gözümün önündən çəkilmir duman.
Tutublar bərəni, bəndi qazaqlar,
Dövrəyə alıblar kəndi qazaqlar.
Gözətçi qoyublar cığıra, yola,
Onların əlindən quş quşluğuyla
Uçub keçə bilməz bu tərəflərə,
Kim kömək edəcək yazıq Həcərə!
Dərdimi bəs kimə söyləyim indi,
Gözlərim yol çəkir, neyləyim indi?!

A l ı
(Gəlir.)
Salam, Həcər, qızım, atan evdədir?

H ə c ə r
Bəli.

A l ı
Zəhmət çəkib bura gəlsin bir.

Ş a h m ə m m ə d
(Gəlir.)
Buyur, buyur, otur, səndən nə əcəb?

A l ı
Nahaq gəlməmişəm, səbəb var, səbəb.
Bir xəbər yayılıb elə, obaya:
Qızı Səlim bəyə verirsən guya.

Ş a h m ə m m ə d
Vallah, heç bilmirəm, nə deyim sənə,
Günahım varsa da bağışla mənə.

A l ı
Bu qara xəbərdən partlayır ürək,
Getmir boğazımdan nə su, nə çörək.
G ü l b a c ı
Nə üz veribdir ki? Lap nahaq yerə.
A l ı
Mən də inanmırdım deyilənlərə,
Ancaq görürəm ki, axır zamanlar
Şahməmməd bizlərdən dolanır kənar.
Məni bu şübhələr gətirdi cana,
Odur başı lovlu gəldim yanına.
Ş a h m ə m m ə d
Vallah, əriyirəm xəcalətimdən,
İzin ver, qoy açım düyümləri mən.
Bu xəbər həm doğru, həm də yalandır.
A l ı
Bəlkə mən qanmıram, sən məni qandır,
Həqiqət hansıdır, yalan hansıdır?
Ş a h m ə m m ə d
Ürək yaralarım yenə qan sızır…
Mən özüm-özümə qəbir qazmışam.
Qorxudan, naəlac əhdi pozmuşam.

A l ı
Necə?.. Necə?.. Necə?..

Ş a h m ə m m ə d
Mane olma gəl!
Nə çoxdur obada ismətli gözəl,
Alarsan Nəbiyə, düzələr işlər.

A l ı
Vəfasız bilməzdim səni bu qədər.
Nələr eşidirəm? Yenə də amma
Ürəyim inanmır qulaqlarıma.
Qızın adaxlısı sağ ola-ola
Namusu, qeyrəti satırsan pula!

Ş a h m ə m m ə d
Alı… Adəti var, bizim bu elin,
Hara köçürəydim qızımı gəlin?
Dağlara, daşlara, zindanlaramı?

A l ı
Daha kifayətdir, deşmə yaramı!
Ş a h m ə m m ə d
Kəndə düşmən gəlir gündə on kərə.
Sənə də, mənə də qan uddururlar,
Qohuma, qardaşa divan tuturlar.
Odur ki, axırda kəsildi çarəm,
Fikrimi könülsüz dəyişdim tamam.

A l ı
Bir daha dilinə gəlməsin adım,
Heyif ki, mən səni çox gec tanıdım.
Şahməmməd, unutma, çəkməzdi yağı
Sinəmə çəkdiyin bu çarpaz dağı!
(Gedir.)

Ş a h m ə m m ə d
Arvad, kül başıma…

G ü l b a c ı
Səndə baş hanı!

Ş a h m ə m m ə d
Lap doğru deyirsən, al o baltanı
Vur mənim boynumu, bu nə həyatdır?
Öz doğma evim də könlümə yaddır.

G ü l b a c ı
Bəsdir türkəsaya danışma görək.

Ş a h m ə m m ə d
Bu səhvi mən özüm düzəldim gərək!
Bayırdan itlərin hürüşməsi və at ayaqlarının səsi eşidilir.
Arvad, get, Həcərdən muğayat ol sən.
Gülbacı yan otağa keçir.

Ş a h m ə m m ə d
(Qapıya tərəf)
Ay qapını döyən, ay adam, kimsən?

K o x a
(İçəri girərkən)
Mən adam deyiləm, Koxa Məmmədəm.
Mahmud bəy və Koxa gəlir.

Ş a h m ə m m ə d
Bizə xoş gəlibdir mübarəkqədəm.
Buyurun, buyurun əziz qonaqlar.

K o x a
Şuşadan gəlirik, xeyir xəbər var.

Ş a h m ə m m ə d
(Oturmağa yer göstərərək)
Bağışlayın bizi, kasıb evidir.

M a h m u d b ə y
Kasıb dövlətlidən daha qəvidir.
Qəm yemə, çox çəkməz, dövlətlənərsən,
Yaşarsan ən gözəl imarətdə sən.
Göstərərlər səni kənddə barmaqla,
Bir sözdür deyirəm, yadında saxla!

K o x a
Eldə poladdan da möhkəm məsəl var,
Deyərlər: kişinin sözü bir olar!

M a h m u d b ə y
Koxa, Şahməmmədlə işim var, işim.

K o x a
Siz danışın, mən də bığımı eşim.
Deyərlər: kişinin sözü bir olar!
(Bığını eşir.)

M a h m u d b ə y
Biz elçi gəlmişik qızın Həcərə.

Ş a h m ə m m ə d
Qızıma demişəm bir neçə kərə…

M a h m u d b ə y
Səlim bəy istəyir sənin qızını,
Müxtəsər, tapmısan bəxt ulduzunu.

K o x a
Şahməmməd, mən ölüm, vur bura, gəlsin,
Razı ol, bir kərə canın dincəlsin.
Səlim bəy itbazdır, tazıları var,
Hər səhər onları hey öpüb yalar.
Sevir tazıları candan, ürəkdən,
Belə gözəl oğlan görməmişəm mən.
Canından çox sevən iti, tazını
Çəkəcək Həcərin, inan, nazını.

M a h m u d b ə y
Koxa, nə deyirsən, ağıllı danış.

Ş a h m ə m m ə d
Həcər gözlərindən yağdırır yağış,
İnsaf yaxşı şeydir.

M a h m u d b ə y
Fikir ver bura,
Həcər nəçidir ki, sən dura-dura?

K o x a
Şahməmməd, and olsun bu eşmə biğa,
Sənə yalan satmaz ömründə Koxa.

M a h m u d b ə y
(Koxanı əlilə saxlayır.)
Qızın yox deməsi, hə deməkdir, qan!
Həcər tək bir qızım olsaydı, inan,
Ya bəyə verərdim, ya da heç kimə.

K o x a
Ya da ki, özümə alardım.

M a h m u d b ə y
Dinmə.
Ayıbdır, bir utan, yekə kişisən.
(Şahməmmədə)
Bu qədər uzatma gəl bu işi sən.
Təhmas bəy olacaq qıza qaynata,
Adam da göz yumar belə həyata?!

Ş a h m ə m m ə d
Mənə möhlət verin, bir fikirləşim. .

K o x a
Sən fikirləş, mən də bığımı eşim.

M a h m u d b ə y
Əşi, möhlət nədir, iş-işdən keçib,
Səlim bəy kişidir, möhkəm and içib,
Həcəri alacaq… mənə bax, kişi,
Bu qədər ləngitmək olmaz bu işi.

Ş a h m ə m m ə d
Qız Nəbini sevir, a bəy!

M a h m u d b ə y
Bir utan…

Ş a h m ə m m ə d
Gəlir qan qoxusu bu işdən qan, qan!..

M a h m u d b ə y
Düşün, Nəbi kimdir? Quldurun biri,
Çoxdan hazırlanıb o itin qəbri.

K o x a
Şahməmməd, Nəbidə kişilik yoxdur,
Bir də ki, başında qalmaqal çoxdur.

M a h m u d b ə y
Çoxdandır gözləyir yolunu tələ,
Nəbi bu gün, sabah keçəcək ələ.

Ş a h m ə m m ə d
Ah, bədbəxt olacaq mənim ceyranım.

M a h m u d b ə y
Bizə başağrısı verməyin, canım.
Qıza baxan kimdir? Söz atanındır.
Söz malın deyildir, mal satanındır.
Ağa olacaqsan bu kənddə, ağa,
Duracaq səninçün hamı ayağa.
Gəzəcək dillərdə şöhrətin, adın,
Bir söz, açılacaq qolun, qanadın.
Get qızı geyindir.
Mahmud bəy Koxa ilə nə isə pıçıldaşır.

Ş a h m ə m m ə d
Nə üçün?

M a h m u d b ə y
Artıq
Gəlini götürüb yola çıxmq.

Ş a h m ə m m ə d
Belə də iş olar? Bəs nişan, üzük?

M a h m u d b ə y
Biz öz sözümüzdə doğruyuq, düzük.
Qızı aparırıq bir şərtlə, inan,
Şuşada olacaq ona toy.

Ş a h m ə m m ə d
Aman…
M a h m u d b ə y
Qohumu olursan böyük bir bəyin,
Mənası varmıdır bu deyinməyin?
Get, qızı geyindir!

Ş a h m ə m m ə d
(Ozünü itirir.)
Bir-az səbr elə!
Nə üzlə görünüm mən sabah elə?
Yer də ayrılmır ki, girim yerə mən.
Dünyaya gəlmişəm nahaq yerə mən.
Belə də zülm edər adam, adama?

M a h m u d b ə y
A kişi, özündən nağil qurama!
Get, qızı geyindir… yaxşı olmaz ha!..

Ş a h m ə m m ə d
Sizi and verirəm o bir Allaha…

M a h m u d b ə y
Tez ol, tələsirik, yol da uzaqdır.

Ş a h m ə m m ə d
Qızdan soruşmamış?..
Bu ki, lap ağdır!
(Şahməmməd otağa keçir.)

M a h m u d b ə y
Qızı aparmasaq əgər bu gecə
Bütün bu tədbirlər dönəcək heçə.

K o x a
Həcər burda qalsa itəcək gözdən,
Nəbiyə qoşulub qaçacaq tezdən.

M a h m u d b ə y
Həcərlə qurtardıq, qaldı bir Nəbi
Bu addır eyləyən məni əsəbi.

K o x a
Mən verrəm Nəbinin fatəhəsini,
Bir də eşitməzsən onun səsini.

Ş a h m ə m m ə d
(İçəridən)
Sən nələr edirsən, ay zalım fələk!

H ə c ə r
(İçəridən)
Yaralı bir quşdur sinəmdə ürək.
Səsimə səs verən görmürəm, Allah!
Az qalır, ürəyim partlasın, eyvah!..
Şahməmməd, Həcər və Gülbacı yan otaqdan çıxırlar.

H ə c ə r
İnsan dəllalları, xoş gördük sizi!

K o x a
Xoş gördük, Səlim bəy göndərib bizi.

H ə c ə r
Gedin, Səlim bəyə deyin ki, Həcər
Özünə seçmişdir Nəbi kimi ər.
Tüpürərəm onun üzünə, belə!
(Tüpürür.)

Ş a h m ə m m ə d
Qızım, dur…

M a h m u d b ə y
Bu nədir?

K o x a
Yaxşi fikir elə.

H ə c ə r
(Atasına)
Yoxsa sən də məni satırsan, ata?
Ətimi itlərə atırsan, ata?!
Mən onu, Nəbini sevirəm ancaq,
Onsuz yerim olsun qoy qara torpaq!
Mahmud bəyin işarəsilə Koxa qıza yaxınlaşır.

M a h m u d b ə y
Yolçu yolda gərək, yubanma, Koxa!

H ə c ə r
Yoxa çıxasınız, görüm ki, yoxa.
Həcərin başını örtüb zorla çəkə-çəkə aparırlar.

H ə c ə r
Buraxın, deyirəm, buraxın!

M a h m u d b ə y
Gəl!

K o x a
Gəl!..
Həcəri aparırlar.

Ş a h m ə m m ə d
Niyə sağ qalmışam, hardasan, əcəl!
At ayağı səsləri eşidilir.
Getdi həyatımın, ömrürnün yazı,

G ü l b a c ı
Bəlkə alnımızda beləymiş yazı.

Ş a h m ə m m ə d
Söndü evimizin çırağı, söndü.
Günəşli gündüzüm gecəyə döndü.
Onlar yan otağa keçirlər. İşıq sönür və yenidən yanır.
Çimnaz böyük bir ehtiyatla içəri girir. Ətrafa göz gəzdirir.

Ç i m n a z
Deyəsən yatıblar… Həcər, ay Həcər!

Ş a h m əm m ə d
(Yan otaqdan çıxır.)
Çimnaz, sənsən?

M e h d i
Mənəm…

Ş a h m ə m m ə d
Nə var, nə xəbər?
Çimnaz huy çəkir. Nəbi yapıncıda barıdan aşır.

Ş a h m ə m m ə d
Nəbi, sənsən?

N ə b i
Mənəm, bəs Hecər hanı?

Ş a h m ə m m ə d
Düşdü yad əllərə Həcərin canı.
Koxayla Mahmud bəy yıxdı evimi,
Alıb caynağına quzğunlar kimi
Apardılar…

N ə b i
Hara?..

G ü l b a c ı
Şuşaya tərəf.

Ş a h m ə m m ə d
Qorxuram qız edə özünü tələf.

N ə b i
Of, yaxşı, Səlim bəy, yaxşı, Mahmud bəy…
Sizin nəslinizi dənləyəm gərək.
(Xəncərini oynadır.)

Ş a h m ə m m ə d
Nəbi, qan olmasın, qadanı alım.

N ə b i
Qaralır gözlərim, dəyişir halım,
Yox, dözə bilmərəm bu dərdə yox, yox!
Bu heyfi qoymaram mən yerdə yox, yox!
Həcər, qorxma, Həcər, ölməyib Nəyib,
Çox da ki, ömründə gülməyib Nəbi.
Nəbiyəm sözümü deyərəm qısa,
Bərkdə tanıyırlar mərdi, igidi,
Çevirməsəm onun toyunu yasa
Haram olsun mənə anamın südü!

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s