SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ

QAÇAQ NƏBİ2

İKİNCİ PƏRDƏ – ÜÇÜNCÜ ŞƏKİL

Qayalıqdır. Uzaqdan tütək və oxumaq səsi gəlir. Bir azdan sürünə-sürünə
bir bələdçi səhnədə görünür. Fit verib yoldaşlarını səsləyir. Koxa,
Qurd Kərim və bir neçə strajnik gəlir.

C ə l i l
Onlar bu ətrafda olsunlar gərək…

K o x a
Gəlin işimizi vaxtında görək.
Qurd Kərimi ağaca sarıyırlar.

Q u r d K ə r i m
Gərək qurmayaydıq bu tələni biz,
Olubdur qorxudan tüklərim biz-biz.

K o x a
(Qurd Kərimi vurur.)
Bağır, bağırtından titrəsin dağlar!
Eşidib səsin gəlsin qaçaqlar.
Onu yalandan vururlar.
Görürəm, döşünə yatmayır şallaq,
Kimi axtarırdın meşədə, alçaq?!

Q u r d K ə r i m
Nəbini, Nəbini, qoçaq Nəbini,
Bəylərin gözünə bıçaq Nəbini.
Vururlar və qaçirlar.
Cəlili qaçaqlar vurur.Koxanı tuturlar,

N ə b i
(Gəlir.)
Dayanın, bu nədir, kimdir döyülən?
Niyə dinmirsiniz? Sizinləyəm mən!

K o x a
(Titrəyir.)
Buyruq qullarıyıq, yox, təqsir bizdə,
Bizə döy dedilər, döyürük biz də.

N ə b i
Kim dedi? Cavab ver!

K o x a
Səlim bəy.

N ə b i
Aha…

K o x a
Belədir, and olsun o bir Allah.

N ə b i
Kəs səsini!
(Kərimə)
Qardaş, nəçisən, kimsən?

Q u r d K ə r i m
Zindandan qaçmışam bu dağlara mən.
İzimə düşərək tutdular nıəni,
Getdi ağrılarım görüncə səni.
Pənah gətirmişəm adına, Nəbi!
Yetiş mən yazığın dadına, Nəbi!

N ə b i
Bir dayan, mən səni tanıdım, qoçaq,
Sən də çox yemisən bəylərdən şallaq,

Q u r d K ə r i m
Qoydu ürəyimdə kamımı fələk,
Ömür xırmanımı sovurdu külək.

N ə b i
Tək əldən səs çıxmaz, yadında saxla.
(Koxanı göstərir.)
Onu öz əlinlə ağaca bağla!

K o x a
Sən nə danışırsan, qurbanın olum…

N ə b i
Bağlayın!

K o x a
Hər yandan bağlandı yolum.
Onu ağaca bağlayırlar.

Qurd Kərim
İndi çək cəzanı!

K o x a
Günahım nədir?

V ə l i
Sıpanın belinə gəlməyir kəndir.

M e h d i
Vurun, qardaşlarım, ölüncə vurun!

K o x a
Vay öldüm, yazığam, vurmayın…

M e h d i
Vurun!..

N ə b i
Açin, kifayətdir, itilib getsin.

K o x a
Allah ömrünüzü çox uzun etsin…

N ə b i
Mən mərdlik naminə buraxdım səni.

K o x a
Özünə borclu bil qəbrəcən məni.

N ə b i
Koxa, Səlim bəyə sən çatdır bunu:
Xalqın intiqamı gözləyir onu.

K o x a
Baş üstə, deyərəm… Daha nə deyim?

M e h d i
(Zarafatla)
Ağrısını alım, gözünü yeyim.
Gülüş, Koxa gedir.

V ə l i
Adam da düşməni buraxar əldən?

Q ə h r ə m a n
Nəbinin işinə məəttələm mən.

M e h d i
Haqlısan a Vəli, o haramzadə
Bir gün görərsən ki, dönüb cəllada,
Əlində qılıncı vurur boynunu.

Q ə h r ə m a n
Mehdi qardaşımız düz deyir bunu.
Bu halda qaçaqlar tacirləri və başqa yoldan ötənləri gətirirlər.

T a p d ı q
Budur, bu tacirlər, bu da malları.

V ə l i
Tacirin çox olur dövləti, varı.

M e h d i
Mən yanılmıramsa bunlardır ki, var
Aclıq törədənlər, ölüm yayanlar.
(Tacirlərə)
Qoyub başınızı qızılın üstə,
Kağız pulun üstə, ağ pulun üstə
Kefə baxırsınız eldən xəbərsiz,
İndicə hesabı çürüdərək biz.

N ə b i
(Görünür)
“Hörmətli” qonaqlar, xoş gördük sizi,
Qorxmayın, sıxmayın ürəyinizi,
Silahmız varsa tez atın yerə!..

X ə l i l
And olsun Allaha və peyğəmbərə,
Silahımız yoxdur.
Onları axtarırlar.

M e h d i
Yalan deyirsən.
(Onun cibindən tapança çıxarır.)

X ə l i l
Məndən peşkəş götür şoqəribi sən.

V ə l i
Niyə titrəyirsən, a tacirbaşı?

X ə l i l
Əzəldən sevmərəm dava-dalaşı.
Mallar sizin olsun, bizə dəyməyin!

V ə l i
Onsuz da bizimdir, zəhmət çəkməyin.

M e h d i
(Tacirə)
Sənin öz cibindən varmı xəbərin?
(Onun sinəsini yoxlayır.)
Mən səhv etmirəmsə qızıldır dərin.
(Qızıl torbasını çıxarır.)

X ə l i l
Onlara dəyməyin, çatlayar bağrım.
Allah, nə pis oldu mənim axırım?

M e h d i
Kəndlilər çılpaqdır, acdır…

X ə l i l
Bizə nə?

M e h d i
Vicdansızın biri, dilin var yenə?
Qurd kimi daraşıb hər bədənə siz
Qanını soraraq kökəlirsiniz.

X ə l i l
Mən yaxşı adamam, oğlum, qulaq as.

M e h d i
Cidanı çuvalda gizlətmək olmaz.

X ə l i l
Barı, öldürməyin.

V ə l i
Bəsdir, az ula!

N ə b i
Bunları salamat ötürün yola.

X ə l i l
Çıxmaz bu yaxşılıq yadımdan, Nəbi,
Görüm var olasan, qəhrəman Nəbi!
Tacirləri ötürürlər. Uzaqdan bayatı səsi gəlir.

S ə s
Əzizim, neylim sənə,
Düşübdür meylim sənə,
Mən dönsəm könül dönməz,
Sən dönsən, neylim sənə.
Bir dəstə kəndli gəlir.

Səfər
Xoşgördük,ayNəbı. Nəbi
Salam, omi can, Sizniyəgəldiniz?

Səfər
Bilərsən, dayan…

N ə b i
Tez ol, danış görək.

S ə f ə r
Qurbanın olum,
Belə güzərandan yaxşıdır ölüm.

N ə b i
Kəndimizdə nə var?

S ə f ə r
Hər evdə matəm,
Deməklə qurtarmaz, doludur sinəm.
Nəbi, bundan apar son hesabını
Aclığm daş əli döyüb qapını.
Qıyır körpələrə, gözəl canlara,
Bağrım dərd əlindən yaradır, yara!..
Ellərin qanına susayıb bəylər,
Məgər bu işləri görməyir göylər?

N ə b i
Qəribə adamsan, bu ayaqda sən
Bəylərdən, göylərdən nə gözləyirsən?
Bu barədə sonra, de görüm mənə,
Divan sizdən vergi istəyir yenə?

S ə f ə r
Hələ qurtarmayıb vergi davası,
Alıb altımızdan xalça-palazı
Qoyublar hamını quru yer üstə,
Ürəklər yaralı, könüllər xəstə.
Xalqın haqq səsinə qulaq asan yox,
Qanlı qanunları silib pozan yox.
Eşitdik, çıxmısan bizə havadar.
Verdi ürəyimiz belə bir qərar:
Elliklə qoşulaq sənin dəstənə,
Şığıyaq qartal tək düşmən üstünə.

V ə l i
Qocasan, ağarıb saçın, saqqalın,
Dava ayağında pis olar halın.

S ə f ə r
Siz allah, bir görün, kim kimə gülür,
Gücümü bu ellər, bu dağlar bilir.
Buna şübhən varsa gəl bir tutaşaq,
Ağzın süd qoxuyur, uşaqsan, uşaq.

N ə b i
Zarafat elədi, sındınmı, söylə?

S ə f ə r
Eh, cib-cib öyrədir bir görün necə
Bildirki sərçəyə bu ilki sərçə.

N ə b i
Hər şeyin yeri var, doğrudur, qoca,
Başın dağlar kimi ucadır, uca.

S ə f ə r
Nəbi can, bir xəbər eşitmişəm mən,
Ancaq ki…

N ə b i
Bayaqdan niyə demirsən?

S ə f ə r
Xeyli var dillərdə gəzir bu xəbər:
Kim sənə qıyarsa pul verəcəklər.
Hanı Səlim bəydə qıl qədər vicdan,
Bu sözü deyirlər onun adından.

N ə b i
Bütün el-obaya bunu yayıb o,
Başıma min manat qiymət qoyub o.
Mənsə Səlim bəyin başına ancaq
Bircə quruş qiymət qoymuşam nahaq.
O başçün bu çoxdur, demirəm əbəs,
Çünki onun başı quruşa dəyməz!

S ə f ə r
Dəyməz, Nəbi, dəyməz, haqlısan, oğlum!
Dar gün görməyəsən heç zaman, oğlum!

N ə b i
(Qaçaqlara)
Dostlar, budur mənim arzum, əməlim:
Bir yerə toplansın qaragün elim.
Bəylərin zülmünə nəhayət verək,
Zəncirsiz, zindansız bir həyat sürək.
Özümüz çalışaq, özümüz əkək.
Bizə dərd olmasın bir parça çörək.
Doğma balaları bizik bu yerin,
Bu torpaq bizimdir, deyil bəylərin!

S ə f ə r
Bizə yaraşmayır köləlik, Nəbi,
Qılınc vuran qolun heç bükülməsin.
Görüm düşməninin üzü gülməsin!

N ə b i
Hələlik yağılar güclüdür, bəli,
Gec-tez zərbəmizdən qırılır beli.

S ə f ə r
Nəbi, danış, danış, dilinə qurban.

N ə b i
Dostlar, əminəm ki, gələr bir zaman,
Torpaqlar altına etsək də səfər
Hörmətlə yad elər bizi nəsillər.

T a p d ı q
(Tələsik gəlir.)
Nəbi, Nəbi, qardaş.

N ə b i
De, nə var yenə?

T a p d ı q
Dustaq aparırlar qazaqlar yenə.

N ə b i
Görəsən yenə də kim düşüb tora?
Alıb əllərindən gətirin bura.
Göylərə çatmayır yerlərin ahı,
Yazıq yoxsulların, nədir günahı!
Haqqım deyənləri asıb-kəsirlər,
Acından qırılır yetim-yesirlər.
Bürüyür yolları qandal səsləri,
Udur məzlumları çar məhbəsləri.
Birinci qaçaq gedir. Güllə səsləri eşidilir.
Qaçaqlar ayağı və qolları zəncirli qazaq Vasilini gətirirlər.

N ə b i
(Arxadan)
Gəlin, bura gəlin.
Nə görürəm mən.
Vasili, rus qardaş, Vasili, sənsən?!

V a s i l i
Mənəm, qardaş, mənəm.
Öpüşürlər.
O vaxtdan bəri
Dustaqda yatırdım sandən ötəri.

N ə b i
Açın qollarını, ayaqlarını.

V a s i l i
Afərin, bəyəndim qaçaqlarını.
İgid adamlardır, geciksəydilər
Yolum gedəcəkdi Sibirə qədər.
Sonra danışaram, uzundur söhbət.

N ə b i
Gəldi bu görüşdən qolara qüvvət.
(Qaçaqlara)
Dostlar, bu qazaq da kəndlidir, kəndli,
O da, bizim kimi dərdlidir, dərdli…
Qoy məni sevənlər onu da sevsin!

Q ə h r ə m a n
Ürək sözümüzdür, Nəbi, bu sözün.

V a s i l i
Deyirəm, bəlkə də çıxıb yadından,
Tüfəngim səndədir.

N ə b i
Aha, bir dayan.
(Öz tüfəngini ona uzadır)

V a s i l i
Yox, o səninkidir, istəməz.

N ə b i
Bəs sən?
Ona silah verin!
Qaçaqlar Vasiliyə silah verirlər.

Q ə h r ə m a n
Alın…

V a s i l i
Bu da mən.
(Gəzişir.)
Bir oda yanırıq indi hamımız,
Nəbi, ayrı deyil intiqamımız.
Mən burda qalıram.

N ə b i
Qardaşım, yaşa.

V a s i l i
Vuruşarıq qoşa, ölərik qoşa!
Qaçaqlar bir qızı aralığa alıb gətirirlər.

T a p d ı q
Siz allah, bu qızın boyuna baxın,
Nə məni, nə bunu qoymurdu yaxın.
Sinəmdən vurmuşdu mənim az qala,
Aldıq silahını onun güc-bəla.
(Ortalığa bir bıçaq və xəncər atır)

N ə b i
Bacım, hardan gəlib hara gedirsən?
Nə üçün dinmirsən?

Ç i m n a z
(Üzünü açır.)
Yad deyiləm mən.

N ə b i
Həcərin yoldaşı, Çimnazdır bu qız.
(Çimnaza)
Dağlarda nə işin bu zaman yalqız?

M e h d i
Bir qara xəbərlə gəlmisən yoxsa?

Ç i m n a z
Mən bayquş deyiləm.

V ə l i
Varam, bu qıza.

Ç i m n a z
Vacib bir iş üçün gəlmişəm bura,
Salmaq istəyirlər Həcəri tora.
Yazıq gecə-gündüz ağlayır zar-zar.

N ə b i
Nə üçün başıma uçulmur dağlar?!

Ç i m n a z
Məni yanınıza Həcər göndərib;
Dərdlər ürəyində baş-başa verib.
Kənddə qan ağlayır arvad-uşaqlar.
Tökülür evlərə bəylər, qazaqlar,
Nəbinin heyfini alırlar bizdən.
Bir kömək gəlməsə, axırda düşmən
Kənddə qoymayacaq daşı-daş üstə,
Dözməyə daha can qalmayıb bizdə.

N ə b i
Nədir bu güzəran, nədir bu həyat!
Xalqa divan tutur bir yığın cəllad,
Məni istəyirlər, dostdan, qohumdan,
Qaynayır qəzəbdən ürəyimdə qan.

M e h d i
Qardaşlar, hirsimdən ağrıyır başım,
Tez ol, bir tədbir tök, Nəbi, qardaşım!
Xalqı incidiriər bizdən ötəri,
Hünər meydanıdır igidin yeri.
Bu yolda al qana boyanmışıq biz,
Əmrinə müntəzir dayanmışıq biz!

V ə l i
Bu gün tərpənməsək gec olar sabah.
Q ə h r ə m a n
Onların üstünə cumarsaq, vallah,
Səlim bəy deşiyi alacaq satın.

V ə l i
Durmayın, atların belinə yatın!
Gətirin Boz atı, o yel qanadı.

Q ə h r ə m a n
Təkdir bu dünyada Nəbinin atı!
Boz atı gətirirlər.

N ə b i
Bir dəli yel kimi dağlara cumaq!
Aslanlar yurdunda sönməsin çiraq.
Elə vuruşaq ki, titrəsin göylər.
Yanıb alovlarda kül olsun bəylər.
Boz at, səni sər tövlədə bağlaram,
Ayağını qızıl, gümüş nallaram.
Məxmərə tutaram, ipək çullaram,
Boz at, apar məni doğma ellərə,
Qoy ellər düşməsin düşmən əllərə!

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s