SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ

QAÇAQ NƏBİ

SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ – İKİNCİ PƏRDƏ

İKİNCİ ŞƏKİL

Təhmas bəyin həyatı. Strajnik gəlib otaqdan Təhmas bəyi səsləyir.

S t r a j n i k
Təhmas bəy, a Təhmas bəy!

T ə h m a s b ə y
Nə olub, ay lovxəbər!

S t r a j n i k
Bədbəxtlik üz veribdir.

T ə h m a s b ə y
Tez ol, danış müxtəsər!

S t r a j n i k
Nəbi…

T ə h m a s b ə y
Yenə də Nəbi? Əcəb qalmışıq aciz.

S t r a j n i k
Əsgəran dərəsində soyub poçtu tər-təmız,
Pullarısa paylayıb lüt, yoxsul kəndlilərə.

T ə h m a s b ə y
Ayıq olun, demişəm, sizə azı min kərə.

S t r a j n i k
Onu gözdən itirdik biz, əlli igid atlı,
Bilmədik göyə çıxdı, yoxsa ki, yerə batdı.

T ə h m a s b ə y
İtil, rədd ol!..
Ağalar, yox, buna dözmək olmaz.
Ürəyimi qurd kimi gəmirib yeyir qisas.
Qorxudan neçə aydır, rahat yata bilmirik,
Nəbini axtarırıq, lakin tuta bilmirik.
Belə getsə üzümüz əsla gülməyəcəkdir.
Papaqdır başımızda, deyin, yoxsa ləçəkdir?!
Nəbinin dəstəsinə qoşulan lüt kəndlilər
Kökümüzü kəsərlər fürsət tapsalar əgər.

S ə l i m b ə y
Gündüz-günortaçağı, buna mat qalmışam mən
Otuz at qaçırıblar bəyliyin töyləsindən.

T ə h m a s b ə y
Qorxun, aparmasınlar arvad, uşağımzı,
Ələ keçirməsinlər bütün torpağınızı.
Bəylər, qulaq asınız, sözüm acı olsa da,
Haramdır qeyrətsizə yaşamaq bu dünyada!
Hanı vurhavurumuz, hanı gəlhagəlimiz,
Hanı görən gözümüz, hanı vuran əlimiz?!

S ə l i m b ə y
İsti-soyuqçun deyil başımdakı bu papaq,
Nəslimizin baxtına qılıncım yol açacaq.
Hər kim olursa olsun, aman vermərəm yada,
Mən ölümə adınla sözsüz gedərəm, ata!

T ə h m a s b ə y
Atana oxşamısan, Səlim, gəl öpüm səni,
Yaxşı başa düşmüsən oğulluq vəzifəni.
Mahmud bəy və Koxa Məmməd kefli halda gəlirlər.

K o x a
Təhmas bəy, xoş görmüşük, salam bütün bəylərə!

T ə h m a s b ə y
Gör nə kökə düşmüsən.

K o x a
İçməmişik boş yerə.

T ə h m a s b ə y
(İstehza ilə)
Çək başına yorğanı, sübhə qədər xorulda,
Sonra hüzurumuzda yağmasan da, gurulda.

K o x a
Vallah, biz nə yatırıq, nə də xoruldayırıq,
Mən, Mahmud bəy, bu saat gur-gur guruldayırıq.
Bir kələk qurmuşuq ki, gələcək bizdən xoşun,
Məsəl var, bata bilməz bir nəfərə bir qoşun.

T ə h m a s b ə y
Hardan gəlirsiniz?

K o x a
Kefdən, damağdan.

T ə h m a s b ə y
Bu haqda deyirdim elə bayaqdan,
Siz nə haydasınız, aləm nə hayda.

K o x a
Bizim tədbirimiz verməsə fayda
Vur, öldür məni də, Mahmud bəyi də.

M a h m u d b ə y
(Təhmas bəyə nə isə pıçıldayır.)
Lap sən deyən oldu.

T ə h m a s b ə y
Bayaqdan de də…

M a h m u d b ə y
Boyun qaçırırdı əvvəlcə yaman.
Sonra tutub onun boş damarından
Yağlı vədələrlə gətirdik yola,
Deyin, kim satılmaz pula, qızıla?!
Sənin sözlərinə qol qoyur tamam.

T ə h m a s b ə y
Afərin, afərin, bax, buna varam.

K o x a
İndi bildiniz ki, koxalıq nədir?

T ə h m a s b ə y
Tez ol, qurd Kərimi yanıma gətir.

K o x a
Göz üstə.

T ə h m a s b ə y
Bəylər, içəri keçin, məni gözləyin bir az,
Vacib bir iş var, onu təxirə salmaq olnıaz.
Mahmud bəy, deyəsən işlər düzəlir.
Bir söz, bu hiyləniz xoşuma gəlir.
Koxa Qurd Kərimi gətirir.

T ə h m a s b ə y
A gədə, yaxın gəl, yaxşı qulaq as.

K o x a
Mərhəmət kanidir ağamız Təhmas.

T ə h m a s b ə y
Günahın böyükdür, bilirsən özün,
Bu gündən azadsan, buna nə sözün?!

Q u r d K ə r i m
(Təhmas bəyin ayaqlarına qapanır.)
Sizin qulunuzam ölənə kimi.

T ə h m a s b ə y
Mahmud bəy fikrimi sənə deyibmi?

Q u r d K ə r i m
Bəli, deyib, deyib…

T ə h m a s b ə y
Bilirsən, demək,
İnan, baş tutarsa bu böyük kələk
Bəylərin yanında ucalar başın.
Tərəddüd etməkdən büsbütün daşın!

Q u r d K ə r i m
Hərdən düşünəndə əsirəm zağ-zağ.

T ə h m a s b ə y
İgid də qorxarmı?

M a h m u d b ə y
Ağgözə bir bax.
Fürsət tapan kimi verməzsən aman,
Sabahın parlaqdır, sözümə inan.
(Ona tapança verir.)

T ə h m a s b ə y
(Ona pul verir.)
Arxanda bəylər var, qorxma heç nədən.

Q u r d K ə r i m
Dedim ki, ömürlük qulunuzam mən.

M a h m u d b ə y
Durma, get!

Q u r d K ə r i m
Baş üstə!
(Gedir.)

T ə h m a s b ə y
(Mahmud bəyə)
Afərin, yaşa!..

K o x a
Bəs mən yaşamayım?

T ə h m a s b ə y
Sən də min yaşa!
Ağalar, bu tədbir baş tutsa əgər,
Başımız ucalıb göylərə dəyər.
Açılar gül kimi bəylərin baxtı,
Sarsılmaz kökündən padşahın taxtı.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s