SÜLEYMAN RÜSTƏM – QAÇAQ NƏBİ

qaçaq nebi

BİRİNCİ PƏRDƏ

BİRİNCİ ŞƏKİL

Qarabağ, Şuşa qalası, Təhmas bəyin həyəti. Bayırda səs-küy qalxır.
Cümşüd bəy və strajniklər vergi verməyən kəndliləri döyə-döyə
həyətə gətirirlər. Nəbi bir yanda odun yarır.

C ü m ş ü d b ə y
Uzun danışmayın deyirəm sizə,
Dərinizi soymaq borc olsun bizə.

S ə f ə r k i ş i
Təqsirimiz nədir, bir deyin, bilək.
(Əlini göyə qaldıraraq)
Bu nə güzərandır, ey zalım fələk!

C ü m ş ü d b ə y
Kəs səsini köpək… Beyniniz kütdür.
Bu kəndistan ki var, barsiz söyüddür.
Söyürsən, döyürsən, qanmır ki, qanmır,
Özü, öz halına yanmır ki, yanmır.
Toxumunuz kəsilsin gərək dünyadan.

T a p d ı q
Sizi kim yaşadar onda firavan?

S ə f ə r k i ş i
Ayağımız yalın, başımız açıq,
Hamımz bir dərddə, hamımız acıq.
Sıxır pəncəsində vergilər bizi,
Haram yaşamaqdır qudurdan sizi.
Bir söz, əlinizdən gəlmişik cana.

C ü m ş ü d b ə y
Sus ki, bulaşdırram ağzını qana!
İstəyiniz nədir, deyiniz görək?!

S ə f ə r k i ş i
Qanlı tifağınız pozulsun gərək!

C ü m ş ü d b ə y
Bəyliyin yerində murdar donuz tək
Dilənirsiniz, bax, yeyib, içərək.
Donquldanırsınız işə gələndə,
Təqsir öləndədir, ancaq öləndə!..
Səfər kişini döyürlər, səsə Təhmas bəy çıxır

S ə f ə r k i ş i
Məndə can qalmadı, ah,
Ölürəm, aman allah…

T ə h m a s b ə y
Bu nə qalmaqaldır, bağıran kimdir,
Allahı köməyə çağıran kimdir?
Cümşüd bəy, de görüm, nə olub yenə?

C ü m ş ü d b ə y
Bunların ucundan gün yoxdur mənə.
Səhərdən düşmüşəm əldən, ayaqdan,
Sağ yer qoymayıblar məndə bayaqdan.
Dad, aman əlindən bu kəndlilərin,
Od yağır dilindən bu kəndlilərin.
Bu ilki vergilər qalsın bir yana,
Keçən ilinkinə min cür bəhanə
Gətirib vermirlər…

T ə h m a s b ə y
Kəndli tayfası
Qudurar döyməsə onu ağası.

S ə f ə r k i ş i
Təhmas bəy, camaat ölür acından,
Yandı taxılımız, gəlmədi ələ.

T ə h m a s b ə y
Sus, yoxsa asdırram dar ağacından.

S ə f ə r k i ş i
Günahımız nədir?

T ə h m a s b ə y
Rədd ol, çıx çölə!
Vergiləri verin, o doğru deyir.

S ə f ə r k i ş i
Acından camaat çöldə ot yeyir.
Özün bilirsən ki, bu il bu yerde
Yağınlıq olmadı, el düşdü dərdə.
Olan-olmazı da məhv etdi dolu,
Elinsə ürəyi qəzəblə dolu…

T ə h m a s b ə y
Qəzəbə bir baxın, kəs, qoca köpək!
Burnundan tökülsün verdiyim çörək.
Səfəri yenə döyürlər.

C ü m ş ü d b ə y
Vergilər bir yana, bunlar hələ bir,
Vallah, biyara da getmək istəmir.
Mən yazıq dedikcə: çıxsın biyara,
Elə bil deyirsən daşa-divara.

T ə h m a s b ə y
A Cümşüd, deyəsən xərifləyirsən,
Sənə ki, min dəfə tapşırmışam mən:
Bu qanmaz tayfayla danışma yumşaq,
Allaha çox şükür, deyilsən uşaq.
Aldanma kəndlinin sən göz yaşına,
Üzünə güldünmü, çıxar başına.
Biyara getməyən, vergi verməyən,
Bəylərə hörməti lazım görməyən,
Bilsin ki, nə qədər bu canım sağdır.
Əlimdən salamat çıxmayacaqdır!
(Otağa keçir.)
Koxa Memmed iki strajniklə qurd Kərimi çəkə-çəkə gətirirlər. Strajniklərdən
birinin üz-gözü qana bulanmışdır.

K o x a
Bəyin nökərinə əl qaldırmağı
Sizə kim öyrətdi? Köpək uşağı!

Q u r d K ə r i m
Vay, öldüm, vurmayın, yazığam.

K o x a
Kiri!
Bax, gör, nə etmisən, axmağın biri.

(Strajniki göstərir.)
Qanadıb fağırın ağız-burnunu.

T ə h m a s b ə y
(gələrək)
Bu nədir? Kim salıb bu hala bunu?

K o x a
Yol kəsən, baş kəsən, zəncirsiz dəli,
Şübhəniz olmasın, belədir, bəli.
Lotunun, əclafın, alçağın biri,
Oğrunun, quldurun, qaçağın biri
Kəndirbaz, hoqqabaz, meymun oynadan,
Hər yerə baş vurub qazan qaynadan,
Bizləri saymayan, dələduz, lovğa…

T ə h m a s b ə y
Müxtəsər et görüm, uzatma, Koxa!

K o x a
Bu qurd Kərim ki var, köpək oğludur,
Fağır strajnik buyruq quludur.
Sizin omrinizə elərkən əməl
Bax, bu zatıqırıq, yaramaz, əfəl
Vurub baş-gözünü bulayıb qana,
Demək, əl qaldırıb sizə, divana.

T ə h m a s b ə y
Sən atayın goru, uzatma ancaq.

K o x a
Xırmanda taxıllar yığılıb dağ-dağ,
Durur qalaq-qalaq odun meşədə,
Qorxuram, hamısı zay olub gedə.
Bunlardan bir kimsə yetmir haraya,
Vurmur öz əlini ağdan-qaraya.
Tutmağa çalışdım bunları dilə,
Yola gəlmədilər pişim-pişimlə.
Cin vurdu başıma, çıxdım özümdən,
Hamsını doyunca kötəklədim mən.
Bunun əti gərək çəkilə şişə,
Zorla camaatı qovmuşdum işə
Bu gəlib qoymadı, qarışdı ara.
Budur, döyə-döyə gətirdim bura.

T ə h m a s b ə y
Yaxşı, hammıza deyirəm təkrar,
Tez at-arabanı qoşun hər nə var.

T a p d ı q
Bizdə at-araba nə gəzir?

T ə h m a s b ə y
Belə?
Ağlınız yerinə gəlməyib hələ?
Öküzləri qoşun!

T a p d ı q
Öküz varmı ki?

T ə h m a s b ə y
Mənim bir sozümü etməyin iki,
Atanı, ananı, arvadını qoş,
Cəddi-əqrəbanı, övladını qoş!..

(Cümşüd bəyə)
Baxma sən bunlarm ağlamağına,
Arvadlı, kişili qat qabağına,
Yumruqla, təpiklə çıxart bayıra,
Hökmümə əməl et, yox başqa çara.
(Qurd Kərimi göstərir.)
Bunu da saxlayın qoduqluqda ac,
Vurun kürəyinə yüz yağlı qırmac!

N ə b i
A bəy, rəhmə gəlin, insafa gəlin,
Onsuz da xoş günü yoxdur bu elin.

T ə h m a s b ə y
Nəbi, neçə kərə demişəm sənə,
Qapımda nökərsən, ağ olma mənə!

N ə b i
Bəy!.. Axı…

T ə h m a s b ə y
Canımı yığmısan bura.
(Boğazım göstərir.)
Sonra danışaram, səninlə sonra!

M a h m u d b ə y
(Otaqdan çıxır.)
Təhmas bəy, pozmayın heç nəşənizi,
Gedəyin, qonaqlar gözləyir sizi.

Gedirlər. Cümşüd bəy, koxanın və strajniklərin köməyi ilə kəndliləri zorla
bayıra çıxarırlar. Nəbi odun yanr.

N ə b i
Yanıram içində alovun, odun,
Bəy başı olaydı gərək bu odun!
Onu bu baltamla yaraydım belə.

T a p d ıq
Qara günlərimiz daldadır hələ.
Allah da, Quran da onlarınkıdır,
Qanun da, divan da onlarınkıdır.

N ə b i
Belə getməyəcək, görəsən bir gün
Bu fəsad ocağı olar sərnigün!

V a s i l i
Vasili, Vasili, taleyinə bax!
Məzlumlar əlinlə edilir dustaq.

N ə b i
Qazaq, razısanmı bu əməlindən?
Ayrılıb yuvandan, doğma elindən
Nə üçün gəlmisən bizim dağlara?
Sizin yerlər hara, bu yerlər hara?!

V a s i l i
Məni özünüzə bilməyin düşmən,
Qafqaza gəlmədim öz xoşumla mən.
Əsgəri xidmətin quluyam ancaq.

N ə b i
Düşmən deyilsənsə düz söylə, qazaq,
Rusiyətdə nə var?

V a s i l i
(gülümsəyərək)
Nə deyim?

Nəbi
(gülərək)
Yenə.

V a s i l i
Niyə bu sualı verirsən mənə?

N ə b i
Bilmək istəyirik, orda kəndlilər
Xoşbaxt yaşayırmı barı bir qədər?

V a s i l i
Qardaş, sən nə qoyub, nə axtarırsan?
Hər yerdə iğtişaş, hər yerdə üsyan,
Alovlu nəğmələr ucalır göyə.

N ə b i
Görünür hamının istəyi birdir,
Bütün məzlumların ürəyi birdir.

V a s i l i
Çox yaxşı adamsan, duyuram ki, sən…
Gözündən görürəm ürəyini mən.

N ə b i
Zindansız dustağam öz vətənimdə,
Ağ gün həsrətilə yaram qan verir.
Yanır xanimanlar, çapılır ellər,
Əyri kefə baxır, doğru can verir.

V ə l i
(Daxil olur.)
Nəbi, xoş görmüşük, kefin necədir?

N ə b i
Günəşli gündüzüm zülmət gecədir.

V ə l i
İndicə rast gəldim yolda bir qıza,
Meydan oxuyurdu aya, ulduza.
Anam-bacım olsun, göyçəkdi, göyçək,
Gözləri badamdı, saçları ipək.
O qiz, gözün aydın, səni axtarır.

N ə b i
Nə dedin, nə dedin?Məni axtarır?
Bu an Həcər görünür.Nəbi cəld onu qarşılayır.

N ə b i
Həcər? Bu gördüyüm yuxudur, nədir?

H ə c ə r
Yuxu niyə olur? Gözünü sil bir!

N ə b i
Yox, yuxum çevrilib oldu həqiqət,
Sıxdıqca ruhumu bir acı həsrət,
Çaldıqca qapını ayrılıq daşı.
Axdı ürəyimə gözümün yaşı.
Bir daha çevrilməz göz yaşım selə.

H ə c ə r
Heç məni demirsən, yuxumda belə
Nəbi, Nəbi deyib, çəkirəm haray.
Sənsiz nə yeməyim, nə içməyim var.
Birdir gözlərimdə sonsiz qış, bahar.
Sənsiz nə ürəyim, nə üzüm gülməz.
Quru bir cəsəddir Nəbisiz Həcər.

N ə b i
Ürəyi ürəkdən ayıra bilməz
Ah, nə bu ayrılıq, nə də ki, xəncər.
Nigaranam, Həcərim, çox.
Kəndimizdə nə var, no yox?

H e c ə r
Kənd yenə o kənddir qışda, baharda,
Ancaq nə edinı ki, sən yoxsan orda.

N ə b i
Nə deyim, ay Həcər, nə deyim sonə,
Toy xərci gərəkdir, bilirsən, tnənə.

H ə c ə r
Bilirəm, ay Nəbi, bilirəm…

Nəbi
Onda
Qoy dözək zəhmətə sənin yolunda
Həcər, yadındamı, hər baharda biz
Birlikdə çıxardıq dağa ikimiz.
Baxardıq köpürüb axan sulara,
Bu xoş tamaşadan ayrılıb sonra,
Yığardıq meşədən biz ətək-ətək
Yanağın, dodağın rəngdə çiyələk.
O günlər düşəndə yadıma mənim
Oynayır yerindən ruhum, bədənim.

H ə c ə r
Hərdən də çalardın mənimçün tütək…

N ə b i
Yenə o günlərlə döyünür ürək.

H ə c ə r
Kəndə qayıdardın qaş qaralanda.

N ə b i
Yoxsul daxmamızda çıraq yananda.

H ə c ə r
Mənciyəz anamdan yeyərdim töhmət.

N ə b i
Zarafat gəlməsin sənə məhəbbət.
Söz ver ki, ömrünün axırınadək
Mənim olacaqsan, Həcərim, mənim!

H ə c ə r
Sənindir sinəmdə döyünən ürək
Yetincəyə qədər əcəlim mənim.
Səlim bəy sərxoş vəziyyətdə otaqdan bayıra çıxıb Həcəri görür. Həcərin
gözəlliyi onu hcyrətə salır.

S ə l i m b ə y
Aha… Baxçamıza qonmuş göyərçin,
Allah göndərmişdir onu mənimçün.
(Nəbiyə)
Nəbi, bu qız kimdir?

N ə b i
Bizim ellidir.

S ə l i m b ə y
Bəh, bəh, bərəkallah, gözələ bax bir.
Ay qız, adın nədir?

H ə c ə r
Həcər…

S ə l i m b ə y
(Cümşüd bəyə)
Çox gözəl…

H ə c ə r
(Nəbiyə)
Mən getdim…
(Getmək istəyir.)

S ə l i m b ə y
Hara?
Dur, qaçma, yaxın gəl!
Səni kim böyüdüb belə nazənin?
Tayın, bərabərin tapılmaz sənin.

N ə b i
(Həcəri ondan qoruyur.)
Səlim bəy, qoy getsin.

S ə l i m b ə y
Sən dinmə görək!

N ə b i
Yad gözlər Həcəri görməsin gərək.

Səlim bəy
Gözəli gözlərdən gizlətmək olmaz.
(Qolundan tutur.)
Gəl gedək, məclisə can gəlsin bir az.
İçək sağlığına kef otağında.

N ə b i
(Həcəri onun əlindən alır.)
Onun nə işi var qan ocağında?!
Çək onun əlindən murdar əlini!

S ə l i m b ə y
Namərdəm kəsməsəm acı dilini.

N ə b i
Bəy vurram…

S ə l i m b ə y
Sən bunun cürətinə bax!
Bəyə əl qaldırır südəmər uşaq.

H ə c ə r
Amandır, ay adam, amandır, kömək!

N ə b i
Daşdı səbir kasam, al gəldi, köpək!
Səsə Vasili, bir neçə kəndli və Cümşüd bəy gəlir.

C ü m ş ü d b ə y
Bəyə əl qaldırmaq?! Nankor qudurğan!
Nəbi ilə əlbəyaxa olurlar, vuruşma zamanı Nəbi Səlim bəyi yerə yıxır.
Cümşüd bəy Nəbini nişan alarkən Nəbi Səlim bəyi buraxır.
Növbətçi qazağın tüfəngini alıb Cümşüd bəyi vurur.

N ə b i
Sən də al payını, cəllad!
(Həcərlə birlikdə aradan çıxır.)

C ü m ş ü d b ə y
Ah… aman.
Hamı səhnəyə doluşur.

M a h m u d b ə y
Nə olub?..

S ə l i m b ə y
Xəyanət…
(Vasilini şillələyir.)
Alçaq, yaramaz.

M a h m u d b ə y
Tez olun, tez olun, yubanmaq olmaz,
Atları dörd nala çapın, gətirin,
Harda olmuş olsa tapın, gətirin!
Vurdu Cümşüd kimi mərdi, igidi…

T ə h m a s b ə y
Vuran kimdi?

M a h m u d b ə y
Alı oğlu Nəbiydi!
PƏRDƏ

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s